"Qida qəbul edərkən kiçik bir hissənin dadına baxıb, daha sonra tam yeməliyik" - Həkim-terapevt

 16:57 03.05.2023     662

Ölkədə son günlər zəhərlənmə hallarının sayı artıb. Ötən ay ərzində 9 nəfər zəhərlənmə səbəbindən vəfat edib. Zəhərlənmə hallarının artmasına gətirib çıxaran səbəblərdən biri də zamanından əvvəl qəbul etdiyimiz meyvə və tərəvəzlərdir.

Bəs, zəhərlənmənin ilk əlamətləri hansılardır? Zəhərlənmə zamanı ilkin olaraq hansı addımlar atılmalıdır? Ümumiyyətlə, zəhərlənmə halının qarşısını almaq üçün nələr etməliyik? 

Mövzu ilə bağlı həkim-terapevt Sübhan Hacıyev Redaktor.az-a danışıb.

Terapevt qeyd etdi ki, zəhərlənmə saxlanma müddəti keçmiş keyfiyyətsiz qida məhsullarının orqanizmə düşməsi nəticəsində baş verən patoloji haldır:

"Təəssüf ki, zəhərlənmə ölümə yol aça bilir. Risk qruplarına adətən depressiyada olan, ruhi xəstəliklərdən əziyyət çəkən, kiçik yaş qruplarında olan və narkotik maddə asıllığında olan insanlar daxildir. Zəhərlənmənin kəskinliyi, ağırlıq dərəcəsi toksinin orqanizmə daxil olma yolundan, maddənin növündən, miqdarından keçdiyi vaxtdan və zərəçəkənin çəkisindən, yaşından asılıdır. Zəhərlənmələrin əsas əlamətləri ürəkbulanmaq, qusma, başağrısı, baş gicəllənməsi, tərləmə, sinədə və qarında ağrı, qıcolma, huşun itməsi, bəzən ağır hallarda göz bəbəklərdə anormal ölçülər və sair olur. İlk yardım hər bir toksiki maddənin növünə görə göstərilməlidir. Əgər xəstə dəm qazından zəhərlənibsə, dərhal onu həmin ərazidən uzaqlaşdırmaq lazımdır, sıx geyimləri üzərindən çıxarmaq lazımdır. Qida və ya dərman zəhərlənməsi zamanı 3-5 litr su ilə mədə yuyulmalıdır. Bütün zəhərlənmə hallarında isə tibbi yardım çağırılaraq xəstə mütləq şəkildə hospitalizasiya olunmalıdır. Çünki ilk 24 saat çox önəmlidir və xəstə 24 saat ərzində həkim nəzarətində olmalıdır".

S.Hacıyev dedi ki, zəhərlənmə halının qarşısının alınması qəliz mövzudur:

"Çünki zəhərlənmə maddələri çox olur. Dərmanları uşaqlardan uzaq tutmaq lazmdır. Ruhi xəstə olan şəxslərin kontrolu çox önəmlidir. Qida məhsullarına gəldikdə isə saxlanma müddətinə, keyfiyyətinə nəzarət etməliyik. Qida qəbul edərkən kiçik bir hissənin dadına baxıb, daha sonra tam yeməliyik. Bu zaman zəhərlənmə hallarının qarşısını almış ola bilər".

Humay İsgəndərli