"Süni intellektin təbabətə tətbiqi həkimlərin işini xeyli yüngülləşdirəcək" - Professor

 18:17 03.05.2023     696

Yeni texnologiya olan süni intellekt vastiləsilə artıq xəstəlikləri əvvəlcədən müəyyən etmək olur. Hətta ötən günlərdə Britaniya alimləri xərçəngin erkən mərhələdə dəqiq diaqnozunu qoymaq üçün süni intellektdən istifadə ediblər. Yeni süni intellekt modeli anormal böyümənin xərçəng olub-olmadığını dəqiq müəyyən edə bilir. Texnologiya həkimlərə xəstəliyi tez bir zamanda müəyyən etməyə və müalicəyə başlamağa kömək edib.  Həmçinin bədxassəli şişlərin inkişaf riski yüksək olan xəstələri də müəyyən etməyə kömək edib.

Bəs bu texnologiya tibb sahəsi üçün həqiqətən işə yararlıdırmı? Süni zəka sistemi elmə və tibbə nə kimi yeniliklər gətirə bilər?

Redaktor.az mövzu ilə bağlı azərbaycanlı tibb mütəxəssislərinə müraciət etdi.

Tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd etdi ki, süni intellektin başqa-başqa elm sahələrində tətbiqi, o cümlədən tibbdə tətbiqi artıq yayılmağa başlayıb:

“Məsələ bundan ibarətdir ki, bu məsəslənin tarixi xeyli əvvələ gedib çatır. Belə ki, əvvəllər ayrı-ayrı xəstəliklər üzrə xüsusi proqramların hazırlanıb. Alqoritm, diaqnostika proqramlarının, kibernetik sistemlərin hazırlanması tarixi təxminən 20-25 il əvvələ gedib çatır və bu gün artıq xeyli təkmilləşib. İnsan nitqinin tanınması, ayrı ayrı əlamətlər, rengen müayinəsi və başqa digər müayinələr əsasında xəstəliklərin diaqnozların qoyulması məsələsi ortaya çıxıb”.

Professorun sözlərinə görə, bütün bunlar heç vaxt insan idrakını, yaradıcı təfəkkürü tam əvəz edə bilməz, amma insana xeyli yardımçı ola bilər.

“Məsələ burdadır ki, insanın bəzən diaqnostika məsələsində yaddan çıxartdığı, diqqətə almadığı müəyyən məqamlar ola bilir. Amma artıq protokollar üzrə ayrı-ayrı simptomları, əlamətləri, bütün müayinə vasitələri proqrama verilmiş başqa-başqa alqoritmlər üzrə diaqnozun qoyulması zamanında dəqiqlik daha çox təmin olunur.

Hər bir proqramın spesifiklik, dəqiqlik və həssaslıq göstəriciləri var, bunlar yəqin ki, insanlara da xeyli kömək edir” - deyən tibb elmləri doktoru hesab edir ki, süni intellektin təbabətə tətbiqi xeyli perspektivlər açacaq, həkimlərin işini xeyli yüngülləşdirəcək və tibbdə buraxılan müəyyən səhvlərin sayını da xeyli aşağı salacaq.

Tibb Universitetinin dosenti Rəşid Mahmudov isə bildirdi ki, süni intellekt vasitəsilə bir çox şeylər bacarmaq olar, lakin bütün xəstlikləri təxmin etmək qeyri-mümkündür.

Arzu İSMAYIL