Azərbaycanda ötən il 2877 nəfər vərəm xəstəliyinə yoluxub - RƏSMİ

 16:56 05.05.2023     438

Son statistik məlumatlara əsasən Azərbaycanda 2022-ildə cəmi 2877 ilkin, yəni ömründə ilk dəfə vərəm xəstəliyinə yoluxan insan aşkarlanıb. Son on ildə bu göstərici 2 dəfə azalıb.

Bu barədə Redaktor.az-ın sorğusuna cavab olaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan bildirilib.

"Ümumiyyətlə vərəmə yoluxma hallarında artım qeyd olunmur. Bu da xəstəliyin vaxtında aşkar edilməsi, xəstənin dərhal müalicəyə cəlb olunması və müalicə kursunu uğurla başa çatması ilə əlaqədardır" - deyə məlumatda qeyd olunub.

İnstitutdan bildirildi ki, vərəm hallarının azalması, xəstəliyin yayılmaması üçün profilaktik işlərin görülməsi vacibdir:

"Uşaqlar arasında dispanserizasiya, risk qrupları arasında - skrininq müayinələr, pis vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzinə riayət etmək lazımdır. İnsan özündə öskürək, hərarət, gecə tərləmələri, iştahın azalması kimi simptomları hiss edərsə dərhal həkimə müraciət etməlidir. Bu zaman ilkin səhiyyə xidmətinin rolu çox önəmlidir".

Həmçinin vurğulandı ki, ölkəmizdə vərəm ilə epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır.

Arzu İSMAYIL