“Nə elektron, nə tüstülü qəlyanların heç biri siqareti tərgitməyə kömək etmir" - Pulmonoloq

 13:41 16.05.2023     430

Son zamanlar gənclər arasında elektron qəlyana maraq göstərənlərin sayı artıb. Bəziləri bunun ziyansız olduğunu düşünür. Həkimlər isə bunun insan sağlamlığına zərərli olduğunu deyir. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan pulmonoloq Mahir Əliyev bildirdi ki, əsas qəlyanların tərkibindən asılıdır:

“Onun tərkibinə nə qatılır, onu bilmək lazımdır. Ümumiyyətlə, o qəlyanların tərkibində tütün kimi o qədər qarışıqlar olur ki, onlar istər-istəməz nəfəs yollarında qıcıqlanma, əlavə selik ifrazı yaradır. Qıcıqlanmalar nəticəsində hüceyrələrdə istənilən dəyişikliklər yarana bilər. Bəziləri qəlyanı siqaretdən üstün hesab edir, amma onun tərkibindən asılı olaraq siqaretdən daha ziyanlı ola bilər”,-deyə həkim qeyd etdi.

Həkim qeyd etdi ki, "Gənclər elektron qəlyanı siqareti tərgidmək üçün istifadə edir" fikri qətiyyən doğru deyil.

“Nə elektron, nə də ki, tüstülü qəlyanların heç biri siqareti tərgitməyə kömək etmir. Burada əsas insan iradəsinin roludur. İndi bəzi saqqızlar, dərmanlar var ki, tərkibində nikotin var. İnsan çeynəyir, o nəfəsinə getmir və əlavə qıcıq yaratmır, onların təsirindən azalda, tərgidə bilər. Bu, qəti səhv fikirdir. Düzgün deyil. Səhv reklamdır”,-deyə M.Əliyev bildirdi.

Həmidə İbrahimli