Uşaqlarda da beyin törəmələrinə rast gəlinir - Neyrocərrah

 14:47 19.05.2023     392

Beyin şişləri heç bir əlaməti olmadan və hansısa travma sonrası müayinə zamanı da ortaya çıxa bilər.

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsinin müdiri, mütəxəssis-neyrocərrah Fərid Qaralov deyib.

Həkimin sözlərinə görə, beyin şişləri aşkarlanmış xəstələr daha çox baş ağrısı şikayəti ilə müraciət edirlər: “Eyni zamanda ürək bulanması, qusma, görmənin azalması, əllərdə və qollarda gücsüzlük, keyimə kimi əlamətlərlə bağlı da müraciətlər olan zaman beyin şişlərindən şübhələnmək mümkündür”.

Daha çox hansı yaş qruplarında meydana gəlməsinə qaldıqda isə həkim bildirib ki, daha çox orta və irəli yaş qruplarında beyin şişlərinə rast gəlinir: “Lakin, təəssüf ki, pediatrik yaş qrupunda olanlarda da beyin törəmələrinə rast gəlinir”.

“Beyin şişlərinin yaranmasında genetik faktorlarla yanaşı, ekoloji faktorlar da önəmli rol oynayır”, - deyə həkim qeyd edib.