Günəş eynəyi seçərkən nəyə diqqət edək? - Oftalmoloqdan MƏSLƏHƏT

 19:14 23.05.2023     785

Yayın gəlişi ilə əlaqədar gün eynəklərinə təlabat artıb. Çoxları Günəşin şüalarından qorunmaq üçün eynək taxır.

Bəs, gün eynəyi alarkən nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan oftalmoloq Aynur Əliyeva öncə qeyd etdi ki, eynəklərin qiyməti istehsalçıdan, ölkədən asılıdır.

"Fransa var, İtaliya var. Azərbaycanda bu gün Çinin, Yaponiyanın şüşələri var. Yaponiyanın elə keyfiyyətli brend şüşələri var ki, Fransanınkı onun yanında ucuzdur. Almaniya şüşələri konkurentdir. Sadəcə olaraq ucuz ətin şorbası olmaz prinsipi ilə, nə qədər tanınmış brend olsa, nə qədər qiymətə baha olsa, o qədər onun keyfiyyətindən xəbər verir. Bir də eynəkləri optikadan almağı məsləhət görürəm. Çünki optika işlədənlər hansısa şirkətin rəsmi distributorlarıdır. Onlar da sertifikatlaşmış, dövlət standartlarını keçmiş, icazə almış şüşələrdir ki, istehsal olunur. Günəş eynəklərini seçəndə məqsəd günəşdən qorunmaqdır deyə, günəşdən qoruyan şüşənin qoruyuculuq göstəriciləri yüksək olmalıdır. Qəhvəyi rəng günəşdən də qoruyur, amma baxdığın ətraf-aləmin rəngini öz rəngində görsədir. Bəzi tünd-qara şüşələr rəngi açıq qırmızıdırsa, tünd qırmızı görsədir. Belə nüanslara məsləhət verirəm ki, diqqət eləsinlər. Eynəklərin üstündə qoruyuculuq spektri olur. Şüşənin linza göstəricisi olur. UV faktordan, yəni günəşdən qorumaq göstəricisi spektri 365-400, nə qədər yüksək olsa o qədər keyfiyyətlidir. Qoruyuculuğu var deməkdir. Bunlara diqqət etməq önəmlidir",- deyə həkim qeyd etdi.

Həmidə İBRAHİMLİ