"Yaxşı olar ki, dəriyə günəşdən qoruyucu krem çəkilməsin" - Ekspertdən çox vacib MƏSLƏHƏTLƏR

 11:41 07.06.2023     607

Yayda insanlar günün çox hissəsini istər-istəməz günəş şüaları altında keçirir. Günəş şüalarının altında çox vaxt keçirməyin isə, insanların sağlamlıqlarına müəyyən təsirləri vardır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq ekspert Məhsəti Hüseynovanın sözlərinə görə, yay fəsli gəldikcə insanlar daha çox günəşlənmək və yaxud D vitamini ilə orqanizmi zənginləşdirmək, bəzən də dərinin daha tünd rəngdə olması üçün günəş şüaları qəbul edirlər.

“Buna görə də günəş şüaları altında daha çox qalırlar. Birinci növbədə bilmək lazımdır ki, orqanizmin sağlamlığı üçün və eyni zamanda immun sisteminin güclənməsi üçün günəş şüaları çox faydalıdır, ancaq zərərinə uğramamaq üçün yaxşı olar ki, insanlar düzgün miqdarda və düzgün saatlarda günəş şüalarını qəbul etsinlər. Çünki günəş şüalarının içində olan ultra bənövşəyi şüalar var ki, uzun müddət həmin şüalar dəriyə düşərsə, bu, dəri qırışıqlarına səbəb olur, dəridə iltihablanma yaranır və dərinin müdafiə sistemini tamamilə zəiflədir. Bu isə, yaşlanmanı sürətləndirir və dərini xaricdən örtən epitel qatını ümumiyyətlə həssaslaşdırır. Bir çox hallarda dəri yanıqları əmələ gəlir ki, bu da davamlı olaraq günəş şüalarına məruz qalan insanlarda dəri xərçənginə qədər gətirib çıxarda bilər. Ümumiyyətlə, günəşin faydaları olduğu qədər də zərərləri vardır. Buna mütləq diqqət etmək lazımdır. Faydalarından faydalanmaq üçün yaxşı olar ki, gün ərzində fasilələrlə günəş şüaları qəbul edək, bu, günün istiliyinə və ayına görə dəyişir. Səhər saat 12-nin yarısına qədər və axşam 4-ün yarısından sonra günəş şüaları altında ola bilərik”.

Ekspert qeyd etdi ki, D vitaminindən yararlanmaq üçün yaxşı olar ki, dəriyə heç bir günəşdən qoruyucu krem çəkilməsin və mümkün qədər bədənin daha çox hissəsi açıq qalsın.

“Xüsusilə də, diz və dirsəklər açıq olmalıdır. Bu, D vitaminin alınması üçün çox önəmlidir, çünki həm də sümük əriməsinin qarşısını alır, dəridə səpkilər varsa, onların tez sağalmasına kömək edir və göz sağlamlığı üçün də ayrıca faydalıdır. Ancaq günəşdən düzgün zamanda istifadə olunmursa, qeyd etdiyim vaxtlardan başqa vaxtlarda uzun müddət günəş şüaları altında qalınarsa, bu zaman orqanizm daha çox zərər görəcəkdir. İlk olaraq, dəri xərçənginə yoluxma riski artır. Eyni zamanda dəridə yanıqlar, ləkələr əmələ gəlir. Xüsusilə də qırışıqlar artır ki, bu da artıq qalıcı qırışlara səbəb olur və müəyyən bir vaxt keçdikdən sonra dərinin özünü müdafiə etməsi tamamilə aradan çıxır. İnsanlar daha çox allergik, həssas olurlar və xaricdən gələn hər hansı virusa, bakteriyaya yoluxma riski artır. Həmçinin dəri quruluğu da baş verir ki, bu da müəyyən dəri səpkilərinə, dəri xəstəliklərinə səbəb ola bilir”.

Həmsöhbətimiz əlavə etdi ki, günəşdə qaldıqdan sonra təbii tərkibli yağlardan istifadə etmək lazımdır ki, dəri quruluğunun qarşısını alınsın:

“Günəş şüaları alacağıqsa, 15-20 dəqiqəni keçməmək şərti ilə səhər və axşam saatlarında gün batımına yaxın, - bu saatlarda daha yaxşı olur - həmçinin  gün ərzində fasilələrlə 2-3 dəfə günəş qəbul etmək faydalı hesab olunur. Günorta saatlarında günəş altında qaldıqda xəstəliklərlə yanaşı eyni zamanda baş ağrısı, ürəkbulanma, qusma, temperatur, tərləmə və əsəb sisteminin pozulması kimi hallarda baş verə bilər ki, mütləq şəkildə gündüz günəş şüaları altında qalmaqdan qaçmaq lazımdır. Günəş şüaları altında saçlarımızı da qorumağı unutmamalıyıq ki, həddindən artıq birbaşa ultrabənövşəyi şüaların altında olan saçda demək olar ki, saçın protein itirməsinə, zülal miqdarının azalmasına səbəb olur. Bu da saçların qırılmasına, saçqıranların çoxalmasına və tökülməsinə gətirib çıxardır. Eyni zamanda saçın parlaqlığının itməsinə də səbəb olur. Buna görə də, mütləq şəkildə saçlarımızı da günəşdən qorumalıyıq”.

Məhsəti Hüseynova bildirdi ki, günəşdən ən çox D vitamini mənbəyi kimi istifadə edilirsə, mütləq paralel olaraq qidalanmamıza da “D” vitamin tərkibli dəniz məhsulları artırmalıyıq.

“Məsələn, balıq, bir çox bitki toxumları, kətan toxumu, avakado və süd, yumurta kimi ağartı məhsulları və sair qidalar qəbul edə bilərik. Günəş şüası bunlarla birlikdə qəbul olunduqda orqanizmin D vitamini ehtiyacı ödənir. Son olaraq günəşin faydalı və zərərli tərəfləri daha çox diqqətə alınmalıdır ki, bu saydığımız xəstəliklərə yoluxmayaq. Əgər hər hansı bir xəstəliklər varsa, günəşdə olma saatlarımıza diqqət edək ki, bu, xəstəliklərin daha da təhlükəsini artırmasın, inkişaf etdirməsin”,- deyə ekspert vurğuladı.

Arzu İSMAYIL