Plastik butulkalardakı sular xərçəng hüceyrələrinin inkişafına şəraitt yaradır? - Ekspertdən XƏBƏRDARLIQ

 16:22 13.06.2023     1923

Son zamanlar plastik butulkalarda satılan suyun ziyanı haqqında məlumatları tez-tez oxumaq və ya eşitmək olur. Plastik əşyaların zərəri daimi mübahisə mövzularından biri olub. Maddi baxımdan ucuz və istifadəsinin praktik olması plastikə olan tələbatın əsas artma səbəblərindəndir. Plastik butulkaların düzgün seçimi və onlardan düzgün istifadə bu növ butulkaları sağlamlığımız üçün ziyansız edir, lakin bu qabların ziyanlarını da göz ardı etmək olmaz.

Bəs bu butulkalar tək istifadəlikdirmi? Bir neçə dəfə istifadə etmək olarmı? Dəfələrlə təkrar istifadə zamanı hansı ziyanları üzə çıxa bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq ekspert Məhsəti Hüseynovanın sözlərinə görə, plastik butulkalardakı sular müasir dövrümüzdə ən çox istifadə olunan məhsullar sırasındadır.

“Bir çox hallarda təhlükəli olduğu qeyd olunsa da, yenə də bir çox insanlar tərəfindən də istifadə olunur. Əsasən bunun həm daşınması, istifadəsi praktik olması ilə yanaşı, həm də ucuzdur. Buna görə də insanlar üçün daşımaq və yaxud istifadə etmək daha rahat gəlir. Lakin artıq bir çox inkişaf etmiş ölkələr tərəfindən göstərilir ki, bunlar insan orqanizminə və təbiətə zərər vurur. Hətta deyərdim ki, bir çox inkişaf etmiş ölkələrdə plastik butulkalardan, eyni zamanda plastik çəngəl, bıçaq, stəkanlardan istifadə qadağan olunmuşdu. İnsan orqanizminə bir çox zərərləri var, çünki burada plastmasdan, kimyəvi maddədən istifadə olunur. Temperatur dəyişikliyinə məruz qaldıqda isə həmin qidaya, xüsusilə də suya keçərək insan orqanizminin zəhərlənməsinə səbəb olur. Eyni zamanda "Bisfenol A" şəkildə yaranan polietilenin tərkibindəki maddə də insan orqanizminə zərərlidir və bu da demək olar ki, yuxarı tənəffüs yollarında xəstəliklərin yaranması, endokrin sisteminin funksiyasının pozulması, xərçəng xəstələrindəki xərçəng hüceyrələrinin inkişaf etməsinə şəraitt yaradır” - o, dedi.

Mütəxəssis qeyd etdi ki, əgər şəkər xəstələri mütəmadi olaraq belə qablardakı qidalardan, sudan istifadə edirsə, bu zaman bunlar o şəxsin xəstəliyinin inkişafı üçün katalizator rolu oynayacaq:

“Bu birdəfəlik istifadə üçün nəzərdə tutulan qablar yaxşı olar ki, istifadə olunduqdan sonra atılsın. Lakin bir çox hallarda insanlar həmin qablara su, süd və yaxud digər mayelər tökərək saxlayırlar. Elə uzun müddət elə suyun özünün də saxlanılması ikiqat zərərli olur və dediyimiz kimi, sağlamlıq üçün risk təşkil edir. Bu sular plastik butulkalarda hazırlanan zaman sənaye üsulundakı müəyyən qaydalara əməl olunmalıdır. Həmin butulkalar doldurulmadan əvvəl bir çox emal prosesini keçirir. Sonra azonla doldurulma və ondan sonra suyun təmizlənmiş içməyə yararlı şəkildə doldurulması həyata keçirilir".

Məhsəti Hüseynova bildirdi ki, ölkə ərazisində bir çox monitorinqlər aparılsa da, heç də bütün satılan sular bu standartlara cavab vermir. Onun sözlərinə görə, bəzən mənşəyi bəlli olmayan yerdən doldurulub satışa çıxarılan bu sular insan orqanizmi üçün çox təhlükəlidir:

"Yaxşı olar ki, mənşəyi bəlli olan və etibarlı markalardan olan sulardan istifadə edilsin. Mümkündürsə, azyaşlılar, həssas insanlar, hamilələr, yaşlı və xroniki xəstəliyi olan insanlar ümumiyyətlə bu plastik butulkalardakı sudan çox istifadə etməsinlər. Onlar daha çox şüşə butulkalardan istifadə etsələr daha yararlıdır. Şüşə butulkada olan sular və butulkanın özü də təkrar istifadə üçün yararlıdır, eyni zamanda da suyun tərkibinin pozulmamasına gətirib çıxarır. Bir çox hallarda plastik butulkalardakı sular açıq günəş altında satışda olur və daha sonra bir neçə dəfə soyuducuya qoyulur, çıxarılır və təkrar günəş şüaları altında qalır, bu zaman bu sular daha təhlükəli olur. Çünki istiliyə məruz qalan plastik butulkalar polietilenin tərkibinin dəyişməsinə gətirib çıxardır. Həmin polietilen tərkibindəki zərərli maddələr daha da çoxalır və sürətli şəkildə suyun tərkibinə keçir, bu da insan orqanizmi üçün zərərlidir".

Ekspert vurğuladı ki, bəzən həmin butulkalarda isti çay və yaxud digər isti mayelər tökürlür ki, istilik nəticəsində toksik maddələr həm suya, həm çaya keçir.

“Bu da birbaşa qəbul edildikdə insan orqanizminə keçir. Əgər istiliyə məruz qalırsa, bu zaman daha təhlükəli maddə olan polivinil xlorid əmələ gəlir ki, bu da birbaşa olaraq xərçəng yaradır. Həmçinin, xərçəng xəstəliyinə meyilli insanlarda və xərçəng xəstələrində sürətli şəkildə xəstəliyin ağırlaşmasına gətirib çıxarır. Sağlamlığımızın qayğısına qalırıqsa, bu qablarda satılan suları  birmənalı şəkildə güvənilən markadan, düzgün şəkildə saxlanılan yerdən, böyük marketlərdən almalıyıq. Köşklərdən, saxlama şəraiti uyğun olmayan marketlərdən bu kimi suların alınması tövsiyə olunmur. Şüşə qablardan istifadə isə orqanizm üçün daha faydalı hesab olunur ki, onlardan istifadə etsək, sağlamlığımızı da qorumuş olarıq”,-deyə o, fikrini tamamladı.

Arzu İSMAYIL