"Üç yaşa qədər uşaqlara qətiyyən telefon vermək olmaz" - Tanınmış həkim

 17:04 14.06.2023     833

XXI-ci əsrin ən böyük problemlərindən biri də texnologiya cihazlarına aludəçilikdir. Bu cihazlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər əlaqə yaratmaq üçün nəzərdə tutulan bu cihazlar sonralar müxtəlif funksiyaları da yerinə yetirməyə başladı və bu gün isə, bunlardan xəbər saytlarını izləmə, elektron məktublaşma, sosial şəbəkələrdən istifadə vasitəsi kimi istifadə edirik. Təbii ki, bunların müsbət tərəfləri çoxdur, amma insanlar arasında getdikcə mobil telefon asılılığı da yaranır. Bu asılılığa isə təkcə gənclər deyil, artıq yaşlılar və uşaqlar da bunlara aludə olub. Nəzərə alaq ki, uşaqlar bu kimi cihazlara qarşı daha həssas olurlar. Və bəzən valideynlərin məsuliyyətsizlikləri halları ilə qarşılaşırıq. Belə ki, valideynlər uşaq yemək yesin, ağlamasın deyə əllərinə telefon verib susdururlar. Lakin bunların gələcəkdə törədə biləcəkləri fəsadlardan xəbərsizdirlər.

Bəs, bu cihaz uşaqların inkşafına necə təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-pediatr Günay Rəsulovanın sözlərinə görə, uşaqlar arasında təkcə telefon deyil, bütün növ qacetlərdən, yəni  planşet, kompüter, televizorlardan asılılıq var.

"Asılılıq halları son zamanlarda həddindən artıq çox yayılıb. Xüsusilə də karantin dövründən sonra uşaqların ev şəraitində, qapalı yerlərdə zaman keçirməsi, böyük və məktəb yaş qrup uşaqlarında da həddindən artıq kompüter, telefondan istifadə saatlarının artımına səbəb oldu. Ən acınacaqlısı da 0-3 yaş qrupu uşaqların ekrana asılı qalmasıdır, hansı ki, bu uşaqlarda ən sürətli və intensiv beyin inkişafı gedən perioddur. Qacet asılılığı uşaqları həm zehni, həm əqli, həm nitq inkişafının əhəmiyyəti dərəcəsindən gerilədir. Ona görə son zamanlarda nitqi gecikən, diqqət, konsentrasiya problemi olan uşaqların sayı günü gündən çoxalır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, üç yaşa qədər uşaqlar heç gündə üç dəqiqə belə ekran qabağında oturmamalıdır. 3-6-5 və məktəb yaş dövründə olan uşaqlarsa, gündə maksimum 1-2 saat olmaqla ekran qabağında ola bilər, o da valideyn nəzarəti ilə. Uşağın baxdığı film, kino, cizgi film, oyun mütləq valideynin icazəsi ilə olmalıdır. Çünki internetdən kontrolsuz istifadə edən uşaqlar arasında, hətta yeniyetmə yaş dövründə olanlar arasında da intihar hallarına rast gəlinir. Onlar oynadığı oyun və ya baxdığı film nəticəsində ciddi psixoloji sarsıntı yaşayırlar".

Pediatr qeyd etdi ki, bu asılılıqda valideynlərin ən çox yol verdiyi yanlışlıqlar var.

"Uşağa telefon alıb verirlər. Bir müddət sonra uşağın telefondan asılı olduğunu görüb anidən uşağın əlindən telefonu alırlar. Bu uşağa daha da ciddi travma, stress, yaşadır. Bəs, valideynlər nə etməlidir? Görsə ki, artıq övladı qacet asılısıdır, mütləq uşağı başqa bir məşğuliyyətlərə sövq etmək lazımdır. İdman növü ola bilər, rəqs ola bilər, hər hansı bir kurs ola bilər. Uşağın özü hiss etmədən qacet arxasında keçirilən vaxtların sayını azaltmaq və get-gedə, telefonla və ya televizorla keçirdiyi zamanın azalmasına şərait yaratmaq lazım gəlir. Üç yaşa qədər uşaqlara isə qətiyyən telefon vermək olmaz. İstər yemək yeyəndə, istər oyun oynayanda. Valideynlərin işləri nə qədər çox olsa da, başları qarışıq olsa da, uşaqları telefonla, planşetlə deyil, oyuncaqlarla və ya açıq havada oyunlarla başını qatmağa çalışmalıdırlar",-deyə həkim bildirdi.

Arzu İSMAYIL