Koronavirusdan ölümlərin 50 faizinin qarşısı alına bilərdi - Alimlərdən ETİRAF

 10:30 16.06.2023     553

Şimal-Şərqi Universitetinin alimləri aşkar ediblər ki, COVID-19-dan ölüm hallarının 50%-dən çoxunun qarşısı virus peyvəndinin daha effektiv paylanması ilə alına bilərdi.

Redaktor.az xəbər verir ki, bu tədqiqat “Nature Communications” jurnalında dərc olunub.

Tədqiqatçılar yüksək gəlirli ölkələrlə eyni vaxtda və eyni miqdarda COVID-19 peyvəndi alsalar, Keniya, Əfqanıstan və Boliviya da daxil olmaqla 20 ölkədə nə qədər ölümün qarşısını ala biləcəyini təxmin etmək üçün pandemiya hesablama modelindən istifadə ediblər.

Onların hesablamalarına görə, təhlil edilən ölkələrdə baş verən ölüm hallarının 50%-dən çoxunun qarşısı alına və ümumilikdə 518 min insan ölümdən qaça bilərdi.

Bundan əlavə, peyvəndlərin sayı dəyişməsə və sözügedən ölkələrə daha əvvəl gətirilsəydi, ölümlərin əhəmiyyətli bir hissəsinin (6% -dən 50% -ə qədər) qarşısı alına bilərdi.

Alimlərin fikrincə, beynəlxalq səhiyyə agentlikləri və fondları problemi qabaqcadan görüb, həll etməyə çalışsalar da, vaxtında buna nail ola bilməyiblər.

Onlar qeyd ediblər ki, aşağı və aşağı orta gəlirli ölkələrdə peyvəndin sürətləndirilmiş çatdırılması üçün bir çox maneələr var: tibb işçilərinin olmaması, məhdud maliyyə və peyvəndin çatdırılması infrastrukturunun olmaması.

“Növbəti dəfə həm logistikaya, həm də istehsal gücünə sahib olmalıyıq ki, bu ölkələrdə həqiqətən də fərqli nəticə əldə edə bilək”,- deyə tədqiqatçılar yekunlaşdırıblar.

Qeyd edək ki, araşdırmaya daxil edilən digər ölkələr Anqola, Qana, Mozambik, Zambiya, Misir, Mərakeş, Pakistan, Şri-Lanka, Banqladeş, El Salvador, Honduras, Filippin və Qırğızıstan olub. Bu ölkələrdə peyvənd tədarükündə gecikmələr isə məktəblərin, restoranların və digər müəssisələrin yüksək gəlirli ölkələrlə müqayisədə daha uzun müddətə bağlanması ilə nəticələnib ki, bu da iqtisadi və sosial nəticələrə səbəb olub.

Arzu İSMAYIL