"Bir xanım ailə qurmağa tələsməməlidir" - Psixoloqdan qızlara MƏSLƏHƏT

 17:31 23.06.2023     733

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2022-ci ildə ölkəmizdə 61939 nikah qeydə alınıb. Bildirilib ki, nikaha daxil olan qızlardan 270 nəfəri 17 yaşında olub. 

O da məlumdur ki, Azərbaycanda evlilik yaşı 18 olmasına baxmayaraq, nəinki 17 yaşlı qızlar, hətta bəzən 15-16 yaşlı qızların da ailə qurduğunun şahidi oluruq.

Maraqlıdır, qızların erkən yaşda evliliyə maraq göstərməsinə səbəb nədir? Onlar psixoloji cəhətdən evliliyə hazır hesab olunurmu?

Məsələ ilə bağlı Redaktor.az-a danışan psixoloq Aydan Nəzərova bildirdi ki, ailə quran zaman hər bir xanım, hər bir bəy həm psixoloji, həm də fizioloji olaraq ailə qurmağa hazır olmalıdırlar.

Onun sözlərinə görə, xüsusən xanımlar həm fizioloji, həm də psixoloji baxımdan da hazır olmalıdırlar:

"Çünki 17 yaşdan daha erkən ailə quran zaman onlar nə düşünürlər? 17 yaşında bir gənc qız düşüncə olaraq təbii ki, onun üçün maraqlı olan ağ gəlinlik geyinəcəm, fatam olacaq, toyum olacaq, rəfiqələrim gələcək, deyib-güləcəyik, əylənəcəyik, oynayacağıq və sairədir. Yəni toyunu, ailə qurmağı bir əyləncə kimi görür. Amma ailə quran zaman hər bir insanın bir məqsədi olmalıdır. Bir amalı olmalıdır ki, mən ailə qururam, mənim ailəm sağlam olmalıdır. Gələcək üçün sağlam övladlar yetişdirməliyəm və bunun üçün özüm psixoloji olaraq sağlam olmalıyam. Ailədə sabah baş verəcək xırda bir nüansları idarə etməyi bacarmalıyam. Çox təəssüflər olsun ki, günü bu gün erkən yaşda ailə quran qızlarımız çoxdur. Çox təəssüf hissi ilə bunu qeyd edirəm. Ümumiyyətlə, mənim hər zaman bir deyimim var: Bir xanım ailə qurmağa tələsməməlidir. Səbəb nə göstərirəm. Hər bir xanım ilk öncə təhsilini almalıdır. Birmənalı şəkildə təhsil olmalıdır. Fərq etməz hansı ixtisas olur, hansı təhsil olur. Yəni əlində bir diplomu olmalıdır və ikinci, bu diplomla ən azından xanım bir il işləməlidir. Yəni universiteti oxusun, bitirsin və sonra bir il çalışsın. Ən azından bilsin ki, əlində diplomu, işi var. Çünki biz həyatda heç zaman sığortalanmamışıq ki, bu günləri biz ailə qurduq, şükürlər olsun ki, ailə qurduğumuz bəyin maddi, mənəvi, hərtərəfli durumu yerindədir. Amma həyat bizə nə göstərəcəyini bilmirik. Onun üçün də hər kəsin, hər bir xanımın əlində müəyyən bir peşəsi olmalıdır. Mütləq şəkildə ki, sabahları deməsin ki, məsələn, "Mən tək qaldım" və yaxud bəzən bizim gənclərimizin indi əksəriyyəti deyir ki, "Sözümüz çəp gəldi", "Xasiyyətimiz tutmadı" və yaxud "Kənar müdaxilələr oldu" və s. və "Biz boşandıq".  Boşanan zaman əksəriyyət xanım ya uşaqsız boşanır, yəni uşaq olmur, ya da ki, uşaqlı şəkildə düşünür ki, aliment alacağıq. Yəni aliment aldın, amma sənin axı o alimentdən də əlavə xərclərin ola bilir. Uşaq böyüdürsən, onun başqa xərcləri var".

Psixoloqun fikrincə, bir xanımın çalışması təkcə maddiyyət baxımından deyil, dünyagörüşü baxımından da lazımdır:

"Yaxud digər tərəfini düşünək. Xanımın işləməsinin nəyi pisdir? Xanım işləyəcək, həyat yoldaşına hərtərəfli dəstək olacaq. Bunun üçün də mütləq şəkildə qızlarımız ailə qurarkən valideynlər tələsməməlidirlər. Çünki tələsəndə, erkən yaşda ailə quran qızlar fikirləşirlər ki, “Hə, qoy tez ailə qursun”, “Tez ana olsun”, “Tez nənə olsun”. Bəzən deyirlər  “Filankəs cavan anadır”, amma axı nəyə lazımdır? Bu insan cavan anadır. Lap gözəl. Amma təhsili də olmalıdır ki, sabahları öz uşağına da düzgün yönlənmə verə bilsin, düzgün təhsil verə bilsin. Əlində bir peşəsi olsun. Bu, mütləq şəkildə lazımdır. Psixoloji tərəflərinə keçək. Psixoloji tərəfdən bir xanım erkən yaşda ailə qurdu, toy oldu, əyləndilər güldülər, oynadılar. Üstündən üç ay, beş ay keçdi. Təbii ki, hər bir ailədə xırda problemlər olur, xırda nüanslar olur. Yəni bu, qaçılmaz bir faktordur və bunun üçün də həmin xanımın özünün psixoloji durumu sağlam olmalıdır ki, həmin situasiyanı idarə edə bilsin və idarə edə bilməməsi nəticəsində ailədə xırda problemlər başlayır getdikcə problemlər böyüyür, qloballaşır və bir-birini yola vermirlər, nəticədə boşanmaya gəlir. Bizim çox cavan qızlarımız, yəni 18, 19, 20 yaşında qızlarımız var ki, boşanıb ata evinə qayıdıblar. Bayaq dediyim kimi əlində bir peşəsi yox, bir sənəti yox, bir işi-gücü yox, ancaq evdə oturur. Və burada başqa-başqa məqamlar da ortaya çıxır. Onun üçün də mütləq şəkildə lazımdır ki, hər bir xanım ailə qurarkən valideynlər buna mütləq şəkildə nəzarət etsinlər. Mütləq şəkildə ki, sabahları qızları əziyyət çəkməsin".

A.Nəzərova onu da vurğuladı ki, erkən yaşda ailə quran qızlarımızın çoxu psixoloji olaraq ailə qurmağa hazır deyillər.

"Çünki bayaq dediyim kimi onlar ailəni sırf mən ailəni necə idarə edəcəm məqsədli, mənim düzgün ailəm olsun deyə məqsədli ailə qurmurlar. Ailə qurarkən, məsələn, “Mənim sinif yoldaşlarım hamısı ailə qurdu mən qaldım” məqsədilə ailə quranlar olur və yaxud da ki, “Mənim də toyum olsun, mən də gəlinlik geyinim”. Bunun üçün tələsmək lazım deyil. Təbii ki, bu olacaq. Amma ilk öncə sən öz həyatını düzgün qur. Bütün xanımlar da xoşbəxt olmağa layiqdirlər. Bütün xanımlar inşallah ki, vaxtı çatanda ailə quracaqlar. Amma dediyim kimi psixoloji zərbənin digər tərəfi də var. Erkən yaşda ailə qurub, erkən yaşda ana olurlar. Hələ onlar özləri uşaqdırlar, onların dünyaya gətirəcəkləri uşağı özü uşaq olaraq necə baxacaq? Belə bir sual ortalığa çıxır. Yəni özü bir uşaqdır, o körpəyə necə baxacaq? Onu necə böyüdəcək? Özü də orda da zərbə alır. Çox təəssüflər olsun ki, mən bu 10 illik iş stajımda bu hadisələrlə çox rastlaşmışam. Erkən yaşda ailə qurub, yəni hələ 18 yaşa çatmamış ailə qurub və hamiləlik dövründə psixoloji zədə alıb. Hormonal dəyişiklik baş verdiyi üçün bayaq da vurğuladığım kimi hər bir xanım psixoloji, fizioloji hazır olmalıdır və psixoloji hazır olmadığı üçün fizioloji dəyişiklik onun psixologiyasına mənfi təsirini göstərib. Və hamiləlik dövründə artıq psixoloji olaraq onda problemlər ortaya çıxırdı. Nə həyat yoldaşını tanımırdı, nə ailə üzvlərini tanımırdı, hətta “Mənim niyə qarnım bu boydadır”, “Mən bu uşağı necə saxlayacam?”, “Bu uşaq necə olacaq” kimi problemlər ortaya çıxırdı. Digər dövr, erkən yaşda ailə qurub övladını dünyaya gətirib, amma övladına zərər yetirən 18 yaşdan aşağı olan xanımlarımız da çoxdur. “Bu uşaq kimindir”, “Mən buna necə baxacam?”, “Bu mənim uşağım deyil” kimi ifadələr belə səsləndirirlər. Dediyim kimi, valideynlər burada çox diqqətli olmalıdırlar ki, siz erkən yaşda qızınızı ailə qurmağa vadar edirsinizsə, bu, sizin qızınız üçün müsbət deyil. Bu, sizin qızınız üçün mənfidir, psixoloji, fizioloji zədə görürlər. Burada mütləq şəkildə diqqətli olmaq lazımdır", - deyə psixoloq vurğuladı.

Həmidə İBRAHİMLİ