"Bunu insanlarımız bəzən qriplə səhv salırlar" - Həkim-terapevt

 13:32 08.08.2023     2519

Qış aylarında olduğu kimi yayda da qripə yoluxuruq. Son dövrlər isə bu yoluxma artıb. Xüsusən gənc yaşlarda olan insanlar tez-tez gün qripinə yoluxduqlarını deyirlər. 

Bəs bundan necə qoruna bilərik?  Ümumiyyətlə gün qripinə yoluxma hansı hallarda baş verir?

Mövzu ilə bağlı həkim-terapevt Sübhan Hacıyev Redaktor.az-la fikirlərini bölüşdü.

Həkim söylədi ki, qış aylarında olduğu kimi yay aylarında yuxarı və aşağı tənəfüs yollarının virus infeksiyalarına yoluxuruq:

"Lakin bu qış aylarında olduğu kimi virus infeksiyalarıyla deyil, patogen bakterial mikroorqanizmlərlə özünü göstərmiş olur. Daha çox legionella patogen mikroorqanizm tərəfindən törədilən xəstəliklər səbəbindən yaranmış olur. Belə ki, bu bakteriyalar daha çox kondisionerlərin və su qurğuların filtrlərində daha çox yaşayır. Bakteriyalar filtrləri təmizlənməyən kondisionerlərdə, su qurğularında, xüsusilə də hovuzlarda olur. Çöldəki hava ilə məkanın daxilindəki olan hava arasında 12 dərəcədən çox fərq olmamalıdır. Bu fərq olduğu zaman biz bu bakteriyalara yoluxa bilirik. Onlar daha çox hava damcı yolu ilə tənəffüs yolu orqanlarımıza keçir və bizi zədələmiş olur. Beləliklə, immuniteti zəif insanlarda bu xəstəliklərin simptomları özünü büruzə verir".

S.Hacıyev bu xəstəliyin simptomları barədə də danışdı. 

"Baş ağrıları, ürəkbulanma, halsızlıq, bədəndə əzələ ağrıları olur. Bunlardan qorunmaq üçün immun sistemimizi hər zaman aktiv saxlamalıyıq. Bunun üçün xüsusilə mövsümi qidalarından istifadə etmək, bol-bol su içmək, günün ən azı 40 dəqiqəsini idmanla keçirmək və aktiv həyat tərzi sürmək kimi vasitələrdən istifadə edərək immun sistemimizi daha aktiv edə bilərik. Vurğulamaq istərdim ki, yay aylarında bizim günəşin şüalarına qarşı olan allergik reaksiyamız da ola bilər. Bu allergik reaksiyalar gözlərdə qaşınma, sulanma və burunda qaşınma və sulanma ola bilər ki, bu da allergik xəstəliyin kəskinləşməsinə yol aça bilər. Bunu da insanlarımız bəzən qriplə səhv salırlar. Bu infeksion bir xəstəlik deyil, lakin allergik bir xəstəlikdir. Bu hər zaman olmur, amma gözdə qaşınma, burunda sulanmalar, başgicəllənmə, baş ağrıları, ümumi halsızlıq və narahatçılıq simptomları olur. Bütün bu sadalananları nəzərə alaraq vurğulamaq istərdim ki, əgər bu simptomlar 48-72 saat ərzində keçməzsə, həkim-terapevtə müraciət etmək lazımdır. Əks halda xəstəlik daha da ağırlaşıb fəsadlaşma verə bilər", - deyə həkim vurğuladı.

Humay İSGƏNDƏRLİ