Dişlərin qeyri-təbii yolla ağardılması təhlükəlidirmi?

 11:10 14.08.2023     542

Süni gülüşlərin bəyaz fəsadı...

“Süni vasitələrlə dişlərin ağardılması mina və dentin qatlarında fəsadlara səbəb ola bilir”.

Redaktor.az Bakı Baş Səhiyyə Mərkəzinin feysbuk hesabına istinadla xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 6 nömrəli Şəhər Poliklinikasının həkim-stomatoloqu Lalə Əliyevanın sözlərinə görə, son zamanlar sadə vətəndaşlar arasında da süni yolla dişlərin ağardılması üçün müraciətlərin sayında artım müşahidə edilir. Lakin çox insan bunun mənfi fəsadlarından xəbərsizdir:

“Düzdür, bu zaman dişlər estetik olaraq gözəl görünüşə malik olur. Ancaq süni yolla ağardılma dişlərin mina və dentin qatlarına zərərli təsirlər göstərir. Burada bir məsələ - dişlərin sinirlərinin çıxarılıb-çıxarılmaması çox önəmlidir. Əgər dişlərin sinirləri çıxarılıbsa, bu zaman süni ağartma üsulunun dişə heç bir mənfi təsiri olmur. Lakin siniri çıxarılmayan diş süni yolla ağardıldıqda gələcəkdə fəsadlar qaçılmazdır. Dişlərin süni ağardılması yollarından daha geniş yayılanları vinir və zirkonyum üsullarıdır. Vinirlər dişin üst təbəqəsinin yonulması ilə aparıldığı üçün narahatlıq vermir. Lakin zirkonyum üsulu ilə dişlərin ağardılması dişin hər iki təbəqəsindən yonularaq aparıldığından insanda müəyyən qədər narahatlıq yarada bilir. Vinir edilirsə və ya qapaq qoyulursa, mütləq həmin dişin siniri çıxarılmalıdır. Diş kökündə iltihab olarsa, bu üsullar zamanı ağrılar və fəsadlar baş verə bilər. Ona görə də, heç bir süni vasitələrdən istifadə insanın öz təbii dişini əvəzləyə bilməz”.

Həkim-stomatoloq Lalə Əliyeva bildirir ki, dişlərində heç bir problem olmayan, diş ətinin sağlam olduğu şəxslər israrla dişlərinin süni ağardılmasını istəyir:

“Həmin şəxslərə bildirilir ki, süni üsullarla ağartma onlarda sonradan müəyyən fəsadlara səbəb ola bilər. Bu isə birbaşa ağız boşluğu xəstəlikləri, dişdə iltihab və ya digər xəstəliklərə gətirib çıxara bilər. Dişləri mütləq qaydada gündə ən azı 2-3 dəfə yumşaq fırça ilə yumaq, yeməkdən sonra diş ipləri ilə təmizləmək lazımdır. Təmizləmə aparılmadıqda isə dişlərdə kariyes və digər xəstəliklərə gətirib çıxarır”.

Süni gülüşlərdənsə, sağlam diş daha gözəldir!

Redaktor.az