Uşaqlarda badamcıqların çıxarılmasının qorxulu fəsadı açıqlandı
Uşaqlıqda badamcıqların çıxarılması artritin inkişaf riskini 30% artırır.
Redaktor.az oxu.az-a istinadən bildirir ki, bu barədə Karolinska İnstitutunun (İsveç) alimləri uzun araşdırmalardan sonra elan ediblər. Tədqiqatın nəticələri "RMD Open" jurnalında dərc olunub.
Onlar ankilozan spondilit (artritin bir növü) diaqnozu qoyulan 5612 pasiyentin məlumatlarını sağlam 22 000 insanın məlumatları ilə müqayisə ediblər. Məlum olub ki, bir neçə amil xəstəliyin inkişaf riskini artırır. Bunlardan biri də 16 yaşına qədər badamcıqların çıxarılmasıdır. Bu halda qorxulu xəstəliyə tutulma riski 30% artır.
Qeyd edək ki, Bexterev xəstəliyi adı ilə də tanınan ankilozlaşdırıcı spondilit - ağrılı, kəskinləşən, fəqərə qırılmasına və osteoparoza səbəb olur. Əsasən onurğanı əhatə etsə də, oynaq və bağlara, bəzən hətta göz, ağciyər, bağırsaq və ürəyə də təsir göstərir. Oma və çanaq sümükləri arasında oma-qalça oynağı ankilozlaşdırıcı spondilitin başladığı yer sayılır.
Ağır və üzücü oynaq xəstəliyi olan spondilit zamanı oynaqların yumşaq toxumaları sərtləşir və proses çox güclü ağrılarla müşayiət olunur. Xəstələrin illərlə dərman müalicələri qəbul etməsinə baxmayaraq nəticə ürəkaçan olmur. Ağrıların şiddəti getdikcə artır və bunun nəticəsində ağrıkəsici preparatlar uzun müddət fasiləsiz qəbul edilir. Spondilitin ağır mərhələlərində fəqərəarası oynaqlar əyilir və hərəkətsizləşir.