"Bu dərmanlarla qətiyyən zarafat etmək olmaz" - Tanınmış həkim

 16:33 26.10.2023     1149

"Yuxu dərmanları dedikdə bu anlayış özündə bir çox qrup dərmanları ehtiva edir. Burada xəstələrin ağırlıq durumuna görə, anamnezinə görə, xəstəliklərinin növünə görə sadədən mürəkkəbə doğru adətən gedilir. Bitki mənşəli sakitləşdirici sedativ preparatlar var ki, bunlar da adətən sakitləşdirərək yuxu verə bilirlər. Eyni zamanda antidepressant preparatlar və psixotrop preparatlar vardır".

Bu sözləri Redaktor.az-a açıqlamasında həkim-terapevt Sübhan Hacıyev yuxu dərmanlarının zərərlərindən danışarkən deyib.

Həkimin sözlərinə görə, bu preparatlar ciddi şəkildə həkim nəzarətində, xüsusilə də həkim-nevroloqun və yaxud da həkim-psixoterapevtin təyin etdiyi formada qəbul olunmalıdırlar:

"Bunların dozası xəstənin xəstəliyinin növünə, ağırlıq dərəcəsinə, çəkisinə, ümumi vəziyyətini nəzərə alaraq azdan çoxa doğru dozanın artırılması ilə gedir. Həkimlər müəyyən bir müddətdən sonra bu xəstələri təkrar kontrola çağırırlar. Bəzən xəstələrimizin laqeyd yanaşıb, yaxşılaşmanı tam sağalma kimi anlayıb xəstəxanaya həkim kontroluna gəlmədikləri üçün nəticədə xəstələr özlərini yaxşı hiss etdiyi müddətdən sonra bu dərmanları özbaşına kəsirlər. Nəticədə asılılıq yaradır və yaxud öz nevroloji, psixoloji durumlarında daha pis problemlərlə üzləşmiş olurlar. Bu səbəbdən yaxşı olar ki, həkimlərin yazdığı dozirovkaları qətiyyən dəyişməsinlər. Həkim kontrola çağırdığı vaxtda təkrar gəlib müayinə olunsunlar və bu müayinədən sonra artıq bəlli olur ki, bu dərmanı azaldaraq kəsmək lazımdır yaxud da ki, bir müddət hələ davam etdirmək lazımdır. Yəni bu psixotrop dərmanlarla, antidepresantlarla qətiyyən zarafat etmək olmaz. Bu dərmanlar həkim nəzarətində kontrollu şəkildə qəbul olunmalıdır".

S.Hacıyev onu da əlavə etdi ki, insanlarımızın bu dərmanları özbaşına qəbul etmələri orqanizmdə çox ciddi fəsadlar yarada bilir:

"Bu fəsadlara daha çox ürək-damar xəstəlikləri, nöroendokrin sisteminin pozulması, psixoemosional durumun daha da pisləşməsi və nəticədə dərmandan uzun illərdən asılı qalmaq kimi fəsadları var. Bu da bizim daxili orqanlarımızı, təbii ki, zədələyir. Artıq bir problemimiz bir neçə problemə çevrilir və xəstəyə tək psixoemosional durumunun müalicəsi deyil, eyni zamanda somatik xəstəliklərin də müalicəsi gərəkmiş olur".

Həmidə İBRAHİMLİ