Gənclər arasında qəfil ürəktutmaların səbəbi bu imiş - Həkim AÇIQLADI

 18:02 15.11.2023     957

Son aylar qəfil ürəktutmadan vəfat edənlərin sayı artmaqdadır. "Ölüm cavanlaşıb" desək yanılmarıq. Cəmiyyətdə isə belə bir müzakirə gedir ki, pandemiya dönəmində qəbul edilən vaksinlər daha tez ölümə səbəb olur. 

Bəs, həqiqətən vaksinin erkən ölümə təsiri varmı? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan farmakoloq Aydın Əliyev bildirdi ki, buna çox saylı səbəblər var.

Onun sözlərinə görə, sinir və psixi gərginliklər də səbəblər sırasındadır:

"Azərbaycanda ailə problemləri çoxalıb, boşanmalar çoxalıb. Bu bildiyimiz kimi, ailə problemlərini düzgün həll edə bilməməkdən irəli gəlir. Sonra səbr və təmkin məsələlərini yadımızdan çıxarırıq. Cavanların çoxunda belə bir xüsusiyyət formalaşıb ki, harda olmağından asılı olmayaraq, onun dediyi fikir əsasdır. Yəni, bax belə bir psixi variantlar var, ictimai, psixoloji gərginliklər var. Bu, hamımıza aiddir. Xüsusən də cavanlar baş verən problemləri sərbəst, sakit, təmkinlə həll etməyə çalışmırlar. Bunlar hamısı sinirdə pozğunluqlar törədir. Digər məsələ fikir verirsinizsə, televizorda verirlər ki, Bakıda havanın çirklənməsi bir tam onda dörd, bəzən bir tam onda yeddiyə yaxın olur. Havanın da çirklənməsi nə deməkdir? Karbon qazı və digər zəhərli maddələr artır. Bunlar nəticəsində sadə dildə desək, qan qatılaşır. Qan qatılaşanda damarla qanın hərəkəti pozulur, nəticədə ayrı-ayrı orqanların qidalanması və zəhərli maddələrin bədəndən xaric olunması pisləşir, azalır. Bunlar da bədənə toksiki təsir göstərir və dediyim gərginlikləri, ayrı orqanların patologiyasını yaradır. Çoxsaylı cavan gənclər siqaretdən istifadə edirlər. Dəhşətdir. Mən hətta yolda saxlayıb siqaretin tərkibində olan maddələrin, zəhərlərin miqdarının çoxluğunu onlara izah edirəm. Bu, dediyim qanın qatılaşması, infarktlar, insultlar hamısını ortaya çıxır. Siqaretlər həm də ağciyərin bədxassəlli şişində birinci yerdə durur".

Həkim onu da qeyd etdi ki, narkotik maddələr də çox yayılıb:

"Narkotik maddələr beyində adətkarlıq yaradır. Yalançı, dırnaqarası xoş mühit yaradır. Amma beyin ləngiyir, mədə-bağırsağın işini pozur. Yəni mədə-bağırsağın işi pozuldusa, qidanın sorulması zəifləyir. Deməli, getdikcə nə baş verir? İnsanın immun sistemi zəifləyir və bunların arasında ölüm halları da təbii ki, çox olmalıdır. Digər məsələ: telefon məsələsi. Gənclərin çoxu telefondan düzgün istifadə etmir. Yuxu pozulur. Yuxunu pozursansa, beynin ən əsas qidası olan enerjini bərpa etməsinə imkan vermir. Gərginliklər yaranır.

Növbəti bir məsələ: ayaq üstü yeməklər. Ayaqüstü yeməklər ümumiyyətlə düz deyil. Bu çirkli hava mühitində yeriyə-yeriyə, əldə telefon, boyun əyilmiş şəkildə yeyilən ayaqüstü yeməklər düzgün deyil. Bizim bədənimizi Allah elə yaradıb ki, biz yeriyəndə yeməməliyik. Yeriyəndə yeməklər digər canlılara aiddir, bizə aid deyil. Biz yeriyəndə ürəyimizin gücü artır, tənəffüsümüz, buronxlarımız genəlir nəfəs almalıyıq, amma mədə-bağırsağımızın işi zəifləyir. Deməli, yediyimiz qidanı mədə-bağırsaqda həll edən maddələr azalır. Ona görə də elə bil mədə-bağırsağa daş tullayırsan və təbii ki, qidalar da sorulmadıqca nə baş verir, immun sistemi zəifləyir.

Yəni çoxsaylı problemlər var və bunların da hamısını aradan qaldırmağın yeganə yolu - insan düşünməlidir ki, bu hərəkəti, bu danışığı edəndə mənə nə xeyirdir? Cəmiyyətə nə xeyirdir, nə ziyandır? O ayaqüstü yeməklərin bir məsələsi də var. Onların çoxu trans yağlardır. Və yaxud da bir yağda eyni şeyi neçə dəfə təzədən qızdırırlar. İnsan bədənindəki ayrı-ayrı toxumalarının formatını dəyişir, onkoloji xəstəliklərə gətirib çıxarır. Göy-göyərtidən az istifadə edirlər, göy-göyərti, meyvəni  yeməkdən yarım saat, bir saat qabaq yemək lazımdır ki, yeməklər həll olsun".

A.Əliyevin sözlərinə görə, məsələ tək vaksinlə bağlı deyil:

"Bu qədər çoxsaylı cavanlarımız var, heç vaksin almayıb, amma dediyimiz hallar baş verir. İndi vaksinlər dünyanın problemidir. Amma digər tərəfdən vaksinləri də qəbul etməsəydik, bizdə ölüm halları nə qədər çox olardı. Mən vaksinləri tərifləmirəm, amma peyvəndsiz də indi yaşamaq mümkün deyil. İndi o peyvəndlər də kiməsə düşür, düşmür. Bu başqa məsələdir. O peyvəndlər də Azərbaycana gətiriləndə keyfiyyəti təbii ki, müvafiq orqanlar, ekspertizalar tərəfindən aparılır".

Həmidə İBRAHİMLİ