Azərbaycanda qızılca xəstəliyinə yoluxma niyə artıb? - Həkimdən AÇIQLAMA

 14:01 29.11.2023     738

Son günlər məktəblərdə şagirdlər arasında qızılcaya yoluxanların sayı artmaqdadır. Eləcə də bu hala böyüklərdə də rast gəlinir.

Bəs, qızılcanın ölkə ərazisində kəskin şəkildə yayılmasının səbəbi nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan pediatr Xəyalə Quliyeva bildirdi ki, qızılcanın bu qədər artmasının başlıca səbəbi uşaqların peyvəndsiz qalmaları, anaların peyvənddən imtina etmələridir.

Onun sözlərinə görə, ikinci səbəb xəstəliyə yoluxmuş uşaqlara vaxtında düzgün diaqnozun qoyulmaması və xəstə uşaqların bağçaya, məktəbə aparılmasıdır:

"Yəni analar işlədikləri üçün uşaqları xəstə-xəstə, temperaturu ola-ola, hətta səpkiləri ola-ola bağçaya, məktəbə yollayırlar. Diaqnoz qoyulmadığı üçün uşaq da ətraf mühitə bu xəstəliyi yaymış olur. Qızılca virusu kontagiozdur, yəni demək olar ki, 99 faiz yoluxuculuğu vardır və bu səbəbdən də həmin o qızılcaya yoluxmuş uşaq çox asanlıqla ətrafındakı uşaqlara, böyüklərə yoluxdura bilir. Məhz böyüklər arasında, universitetlərdə tələbələrin yoluxma məsələsi bununla bağlıdır. Çünki qızılca uşaq infeksion xəstəliyidir. Onlar xəstələnmiş uşaqlarla kontaktda olub xəstələnirlər. Ümumiyyətlə, xəstəliyin artma səbəbi uşağın ətraf-mühitdən təcrid olunmamasıdır. Məsələn, evdədirsə, ev şəraitində saxlanılırsa, ətraf mühitdən təcrid olunmur. Böyüklərlə kontakta girir, izolə olunmur. Ona görə də bu xəstəlik asanlıqla yayılır. Xəstəliyin yoluxmasının qarşısını almaq üçün yeganə yol peyvəndləşmədir ki, bu peyvəndlər bir və altı yaşında uşaqlarda aparılır".

Həmidə İBRAHİMLİ