Selektiv abort DƏHŞƏTİ - Qarşısını NECƏ ALAQ?

 17:03 01.12.2023     1600

"Selektiv abortlara daha çox oğlan uşaqlarının qız uşaqlarına nisbətən yüksək qiymətləndirildiyi ölkələrdə rast gəlirik. Azərbaycan da məhz uşaqların doğumdan öncə cinsinə görə selektiv aborta üstünlük verdiyi dövlətlər sırasında ən üst pillələrdə yer alır. Nəzərə alaq ki, ölkəmizdə ənənəvi ailə modellərinin çoxluq təşkil etməsi, oğlan uşaqlarına meyllilik və stereotiplər bu gün selektiv abortların sayını durmadan artırır".

Bu sözləri Redaktor.az-a sosial işçi Sənubər Osmanova son günlər əsas müzakirə mövzusu olan selektiv abortdan danışarkən deyib.

Onun sözlərinə görə, selektiv abort müasir dövrümüzdə məişət zorakılığının bir növünə çevrilmişdir:

"Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə selektiv aborta məcbur edilən əksər qadınlarımız hüquqi formada müvafiq qurumlara müraciət etməkdən çəkinirlər. Əgər qanunverici orqanlar və müvafiq icra qurumları bu məsələyə diqqəti artırmasalar, vəziyyətlə əlaqədar gələcəkdə statistikanın artımı müşahidə olunacaq. Ümumiyyətlə qadınların aborta məcbur edilməsi məsələsi ilə bağlı ölkədə yetərli maarifləndirmə işləri aparılmadığından hələ də paternalist düşüncəli ailələrdə bu vəziyyətin birbaşa qadınla əlaqəli olduğu düşünülür. Məhz abortların qadın sağlamlığına mənfi təsirləri ilə bağlı məlumatlandırma və profilaktik tədbirlərin görülməsi nəzərdə tutulmalıdır".

S.Osmanovanın fikrincə, ruhlandırma və problemin qarşısının alınması istiqamətində qız övladlarının sayının çoxluq təşkil etdiyi ailələrə dəstək proqramlarının təşkil olunması daha məqsədə uyğun olar:

"Ailədə, iş yerlərində, təhsil müəssisələrində, sosial institutlarda qadınların hüquqlarının müdafiəsi, onların inkişafı üçün şərait və onların üzləşdikləri çətinliklərin aradan qaldırılması cəmiyyətdə qadınların rolunu artıra bilər. Beləliklə, cəmiyyətdə qadınların rolunu artırmaqla selektiv abortların sayını azalda bilərik".

Həmidə İBRAHİMLİ