"Günah səhiyyə sistemindədir, məktəblərə və bağçalara uşaqlar buraxılmamalıdır" - Pediatrdan ETİRAZ

 16:46 01.12.2023     398

Məlum olduğu kimi, hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur. Xüsusilə də uşaqlar arasında virus daha çox yayılmaqdadır. Hətta iki uşağın qızılcadan dünyasını dəyişdiyi xəbərləri də yayılıb.

Məsələnin digər tərəfi də var. Belə ki, proses zamanı valideylərin övladlarına peyvənd vurdurmadığı halları da meydana çıxdı. O zaman ortaya belə sual çıxır. Onlar nədən qorxurlar və ya valideynləri peyvənddən yayındıran səbəb nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan pediatr Aytən İsmayılzadə bildirdi ki, günahkar axtarmağın mənası yoxdur.

"Günah səhiyyə sistemindədir ki, vaxtında anaları peyvənddən yayınanda, yaxud da poliklinikanın onlara müraciətindən yayınanda cəzalandırmayıb. Bu birinci məsələ. Maarifləndirmənin burda heç bir rolu yoxdur. Maarifləndirmə ilə biz 2-3 nəfərə çata bilərik. Kütləyə çata bilmərik. Cəza tətbiq olunmalıdır. Məktəblərə və bağçalara uşaqlar buraxılmamalıdır, yəni peyvəndləmə icbari olmalıdır.

Hazırda necə olacağını deyə bilmərəm. Onu bizə zaman göstərəcək. Yəni proqnoz verə bilmərik. Alovlanma mərhələsindəyik. Alovlanma mərhələsi nə qədər çəkəcək bu, uşağın peyvəndsiz olmasından bağlıdır. Peyvəndsiz olanların da çox olduğunu nəzərə alsaq, ola bilər ki, bu, hələ davam etsin",- deyə həkim qeyd etdi.

Həmidə İBRAHİMLİ