Pəhrizdə olarkən arıqlamağa mane olan 4 AMİL
"Pəhriz saxlayan və fiziki cəhətdən aktiv bir insan arıqlaya bilmirsə, hormonal səviyyələrini yoxlamalıdır".
Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bunu rusiyalı həkim Olqa Malinovskaya deyib.
Onun sözlərinə görə, insulin müqaviməti olan xəstələr arıqlamaqda çətinlik çəkirlər. Onların vəziyyətində problem qanda qlükoza səviyyəsinin yüksəlməsi və onun artıqlığının yağa çevrilməsidir. Gələcəkdə bu, II tip diabetin inkişafına səbəb ola bilər.
O qeyd edib ki, piylənmə toxluqdan xəbər verən hormon olan leptin istehsalını da poza bilər. Nəticədə artıq çəkisi olan insan özünü tox hiss etmədiyi və həddindən artıq yediyi üçün arıqlaya bilmir.
Bəzən arıqlaya bilməməyin səbəbi stres hormonu olan kortizoldur. Malinovskayanın sözlərinə görə, orqanizm kortizol səviyyəsinin yüksəlməsini təhlükə siqnalı kimi qəbul edir. Bu zaman orqanizm çətin şəraitdə yaşamaq üçün yağ yığmağa başlayır:
"Düzgün qidalanma və sağlam həyat tərzi ilə çəkinin artmağa başlamasının başqa bir səbəbi tiroid hormonlarının istehsalının pozulmasıdır. Uğursuzluğun səbəbi yod çatışmazlığı da ola bilər".
O əlavə edib ki, çəki artımı hipotiroidizm, yəni qalxanabənzər vəzin hormonlarının səviyyəsinin aşağı olduğu zaman yaranan sindrom fonunda da başlaya bilər. Bu problemi ancaq tibbi yardımla həll etmək olar.
Həmidə İBRAHİMLİ