Yeni il yeməklərinin kalorisini necə azaltmaq olar?
Evdar qadınlar Yeni il süfrəsi üçün faydalı və sağlam yeməklər hazırlamağa getdikcə daha çox səy göstərirlər. Bayram süfrələrini daha çox salatlar bəzəyir.
Redaktor.az xəbər verir ki, qida mütəxəssisləri zeytun yağı daha çox istifadə olunan salatları məsləhət görürlər .
Paytaxt, sezar, olivye, mimoza, çoban, toyuq salatı kimi salatlar süfrəmizi daha çox bəzəyir. Evdar qadınlar uzun illərdir ki, sadələşdirilmiş reseptdən istifadə edərək salatlar hazırlayırlar - evdə hazırlanmış mayonez, kolbasa əvəzinə qaynadılmış toyuq döşündən istifadə edirlər. Bu, həm qənaətbəxş və eyni zamanda sərfəli hesab olunur.
Nəzərə alsaq ki, bayramda hazırladığımız klassik tərkibli bayram yeməkləri özündə kifayət qədər yüksək kalorili maddələr ehtiva edir, qida mütəxəssisləri Yeni il yeməyinin "formulasını" bir az dəyişdirməyi məsləhət görürlər. Məsələn, dana ətini toyuq və ya hinduşka əti ilə əvəz etmək olar. Turşu yerinə təzə xiyar istifadə edin. Salatlarda yumurta sarısını çıxarın. Lakin konservləşdirilmiş noxudu dondurulmuş noxudlarla əvəz etsəniz belə, bu, artıq mənfi 20 kaloridir.
Zeytun yağı sağlamlıq üçün daha faydalı sayılır. Salatlar üçün fiziki üsulla sıxılan, çiy halda istifadə edilə bilən zeytun yağı seçin. Qızartma üçün rafinə olunmuş zeytun yağından istifadə məsləhət görülür. Çünki onlar istiliyə daha davamlıdırlar və tərkibi dəyişmir.
Bayramda xərclərimiz artdığına görə, eyni zamanda kalorili yeməklər hazırladığımızı nəzərə alaraq daha faydalı və daha ucuz təbii məhsullardan istifadə etsəniz sizi gözləyə biləcək təhlükələrdən - qida zəhərlənmələrində də sığortalanmış olarsınız.
NƏRGİZ