Bu qidalara diqqət: Mədə xərçəngi YARADIR
"Ədviyyatlı yemək mədə xərçənginin inkişafına kömək edir".
Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı onkoloq Aleksandr Seryakov deyib.
Onun sözlərinə görə, mədə xərçəngi Asiya ölkələrində - Çin, Tailand, Cənubi Koreya, Yaponiya, İndoneziyada bütün xərçənglər arasında dördüncü yeri tutur.
Bu ölkələrin sakinləri daima çoxlu ədviyyatlı və duzlu qidalar qəbul edirlər ki, bu da mədə xorasına səbəb olur.
“Ədviyyatlı qidalar artıq mədə və bağırsaqların iltihabi xəstəlikləri (xora və eroziya), irritabl bağırsaq sindromu, reflü və həzm sisteminin digər xəstəlikləri diaqnozu qoyulmuş şəxslərdə kəskinləşməyə səbəb ola bilər. Maraqlıdır ki, kapsaisin (müxtəlif növ bibərin tərkibində olan alkaloid) kimi bir maddə qarın nahiyəsində yanma hissi və ağrı yaradır, lakin həzm sisteminin toxumalarına mənfi təsir göstərmir”.
Onkoloq onu da əlavə edib ki, təkcə çox acı bibər yeyənlər deyil, davamlı olaraq ədviyyatlı souslar, ketçuplar, konservlər, marinadlar, kolbasa və hisə verilmiş ət kimi ədviyyatlı və duzlu qidalardan istifadə edən insanlar da xəstəliyin inkişaf riski altında ola bilər. Bu məhsulların bəziləri nisbətən zərərsiz əlavələr və ətirli maddələrlə yanaşı, hətta kiçik dozalarda belə xərçəngə səbəb ola biləcək son dərəcə təhlükəli kanserogenləri ehtiva edir. Bundan əlavə, spirtli içki içmək və ya siqaret çəkmək kimi pis vərdişlər vəziyyəti daha da ağırlaşdıra bilər.
Həkim mədə xərçəngindən qorunmaq üçün daha çox tərəvəz və meyvə yeməyi, isti ədviyyat və duzun miqdarını azaltmağı, spirt qəbulunu minimuma endirməyi və siqaretdən imtina etməyi tövsiyə etdi.
Həmidə İBRAHİMLİ