Düzgün aparılmayan ağız gigiyenasının fəsadları
"Düzgün olmayan ağız baxımı diş daşı və müxtəlif diş əti xəstəliklərinin əmələ gəlməsi kimi ciddi nəticələrə səbəb ola bilər".
Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı stomatoloq İrina Seregina deyib.
Onun sözlərinə görə, gigiyena qaydalarına riayət edilməməsi səbəbindən ağızda əmələ gələn patogen mikroflora təkcə ağız boşluğuna deyil, həm də mədə-bağırsaq traktının, ürək-damar sisteminin və LOR orqanlarının, eləcə də digər daxili orqanların xəstəliklərinə səbəb ola bilər:
"Gündə ən azı iki dəfə - səhər və axşam dişlərinizi fırçalamaq lazımdır. Bir təmizləmə müddəti təxminən 2-3 dəqiqə olmalıdır".
Mütəxəssis həmçinin dilin və yanaqların daxili səthlərinin təmizlənməsini də unutmamağı tövsiyə edib:
“Gün ərzində, mümkün olduqda, yeməkdən sonra dişlərinizi fırçalamağa çalışın və ya yemək qalıqlarını təmizləmək üçün ağzınızı su və ya qarqara ilə yaxalayın. Diş ipi, diş arası fırçalar və ağız irriqatoru kimi əlavə ağız gigiyena məhsullarından istifadə edə bilərsiniz".
Seregina, insanın qidalanmasının dişlərin vəziyyətinə də təsir etdiyini vurğulayıb. İstehlak olunan karbohidratlı qidaların, rəngləndiricilərin və qazlı içkilərin miqdarını azaltmaq lazımdır.
Həmidə İBRAHİMLİ