Qulaq göbələyi karlığa səbəb olur - Kimlər risk altındadır?

 01:45 26.02.2024     262

Tibb dünyasında “otomikoz” adlanan qulaq göbələyindən əziyyət çəkənlərin sayı son illərdə artıb.

Redaktor.az "medicina"ya istinadən xəbər verir ki, xarici qulaq kanalının dərisində inkişaf edən göbələklər xüsusilə nəmli və isti mühitləri sevirlər. Bu səbəblə yay aylarında dəniz və hovuzda, qışda isə türk hamamında və saunada vaxt keçirən insanlarda daha çox rast gəlinir.

Adətən bir qulaqda qaşınma ilə özünü göstərən qulaq göbələyi ciddi qəbul olunmasa da, müalicəsi gecikdikdə qulaq pərdəsinin deşilməsinə və müvəqqəti karlığa səbəb ola bilər. Üstəlik göbələyin limfa düyünlərinə də keçmək ehtimalı var.

Acıbadem Fulya Xəstəxanasının qulaq, burun və boğaz xəstəlikləri üzrə mütəxəssisi Dr. Esin Özlem Atmış bu səbəblə qulaqda qaşınma kimi problemlər zamanı həkimə müraciət etmək lazım olduğunu bildirib:

“Erkən diaqnoz sayəsində göbələk infeksiyaları oral dərmanlardan istifadə etmədən, yalnız yerli tətbiqlərlə belə müalicə oluna bilər. Gecikdikdə müalicə müddəti kifayət qədər uzanır".

Qulaq göbələyinin əlamətləri nələrdir?

Xarici eşitmə yolunun dərisində inkişaf edən, adətən "aspergillus" və "candida" göbələklərinin səbəb olduğu göbələk infeksiyaları tez-tez qulaqda qaşınma ilə özünü göstərir. Bəzi hallarda qaşınma o qədər şiddətli olur ki, xəstələr daim qulaqlarını qaşıdıqları üçün qanaxma şikayətləri ilə həkimə müraciət edirlər. Vəziyyət irəlilədikcə qulaq ağrısı, qızartı, şişkinlik, axıntı və dəri töküntüləri kimi şikayətlər də müşahidə olunur. Bəzi xəstələrdə limfa düyünlərində də şişkinlik yarana bilir.

Kimlər risk altındadır?

- Rütubətli və isti bölgələrdə yaşayanlar

- Ekzemaya bənzər dəri xəstəlikləri olanlar

- Su idmanı ilə maraqlananlar

- Xroniki qulaq infeksiyası olan xəstələr

- Diabetli insanlar

- İmmuniteti zəif olan xəstələr (xərçəng müalicəsi alanlar, xroniki xəstəlikləri olanlar)

Dr. Esin Özlem Atmış qulaq göbələklərinin qarşısını almaq üçün alınmalı olan tədbirləri aşağıdakı kimi sıralayıb:

- Su ilə təmasdan sonra xarici qulaqcığı yumşaq dəsmal, pambıq və ya nazik salfetlə yaxşıca silin.

- Xarici qulaq kanalını iti və ya sərt materiallarla zədələməyin.

- Xarici qulaq kanalını tez-tez təmizləməkdən çəkinin.

-Qan şəkərinizin səviyyəsinin müntəzəm olaraq normal həddə qaldığından əmin olun.

- Eşitmə cihazları və ya qulaqlıqlardan istifadə edirsinizsə, cihazlarınızı tez-tez təmizləyin.

Göbələk infeksiyası tez-tez təkrarlanırsa, profilaktik tədbir olaraq, su ilə təmasdan 15-20 dəqiqə əvvəl xarici qulaq kanalının dərisinin turşuluğunu artıran 2 faizlik spirt borik məhlulundan istifadə edə bilərsiniz. Ancaq məhluldan istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin.