Keyfiyyətsiz qidalar onkoloji xəstəliklərə səbəb olur - Professordan XƏBƏRDARLIQ
Milli Məclisin Səhiyyə komitəsinin dünən keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib ki, bədxassəli şişlərin yaranmasının 35-40 faizi məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır. Akademik bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bədxassəli şişlərin əmələ gəlməsinin çoxsaylı səbəbləri var.
Onun sözlərinə görə, burada genetik faktorlardan, yəni irsiyyət faktorundan tutmuş ekoloji səbəblərə qədər çoxsaylı səbəblər var:
"Bunların içərisində təbii ki, qidalanma ilk yerlərdən birini tutur. Havanın çirklənməsi, içməli suyun keyfiyyətsiz olması, oturaq həyat tərzi, pis vərdişlər, bütün bunlar hamısı onkologiyaya doğru gedən yoldur. Keyfiyyətsiz qida dedikdə, qidanın içərisində daha çox sərbəst radikalların toplanmasına gətirən qidalar daha çox zərərlidir. Bu cür qidalar "fastfood", müxtəlif konservantlar və sair, hansılar ki, orqanizmdə çoxlu sərbəst radikalların toplanmasına səbəb olur. Onlar isə öz növbəsində genmutasiyalara və gələcəkdə xərçəng şişinin inkişafına gətirib çıxara bilər. Bəzi viruslar, tez-tez soyuqdəymələr və sair də onkoloji xəstəliklərin əsasında dayanan amillərdəndir. Yəni bütün dünyada hər halda qida təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. O cümlədən də bizdə elə olmalıdır. Ona görə də hesab edirəm ki, deyilənlərdə həqiqət payı yetərincədir".
Həmidə İBRAHİMLİ