Xərçəngə səbəb ola biləcək VƏRDİŞLƏR
"Oturaq həyat tərzi kolon xərçənginin inkişaf riskini artıra bilər".
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, onkoloq Ruslan Bosanov deyib.
O bildirib ki, zərərli vərdişlər xərçəngə tutulma riskini əhəmiyyətli dərəcədə artıra bilər:
"Xərçəng çox vaxt genetik meyllə əlaqələndirilsə də, xərçəngin yaranmasında həyat tərzi əsas rol oynayır. Siqaret çəkmək və spirtli içkilər içmək xərçəngə səbəb ola bilər. Tütün tüstüsünün tərkibindəki nikotin və digər maddələr orqanizmə kanserogen təsir göstərir".
Bosanov qeyd edib ki, siqaret ağciyər, ağız, boğaz, yemək borusu və sidik kisəsi xərçənginin inkişafı üçün əsas risk faktorlarından biridir. Həddindən artıq spirt istehlakı yemək borusu, qaraciyər, boğaz, döş və digər orqanların xərçəngi ehtimalını artıra bilər. Alkoqol, tütün tüstüsünün tərkibində olanlar kimi digər maddələrin də kanserogen təsirini artıra bilər.
"Artıq çəki və piylənmə döş, böyrək, qaraciyər, mədəaltı vəzi və bağırsaq xərçəngi də daxil olmaqla bir neçə növ xərçəngin inkişaf riskinin artması ilə əlaqələndirilir", - deyə həkim xəbərdarlıq edib.
Bosanov bildirib ki, oturaq həyat tərzi və fiziki fəaliyyətin olmaması kolon, döş və digər xərçənglərin inkişaf riskini artıra bilər. Günəşdən gələn ultrabənövşəyi şüalara həddindən artıq məruz qalma dəri xərçənginə səbəb ola bilər.
Humay İSGƏNDƏRLİ