Onkoloji xəstələrin müalicə məsələsi həll oluna bilər - AÇIQLAMA

 15:10 18.03.2024     406

Xəbər verdiyimiz kimi, parlamentin 15 mart tarixli iclasında çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstələrin dərman ehtiyatının sığorta ilə təmin edilməməsinə etiraz edib.

“Onkoloji xəstəliklərin dərmanları böyük məbləğ tələb edir. Onkoloji xəstələrin dərmanlarının sığorta ilə qarşılanması dəfələrlə müzakirə edilsə də, nəticə əldə edilməyib. Bu, təxirə salınmadan təmin edilməlidir”,- deyə deputat bildirib.

Bəs gələcəkdə bu istiqamətdə addımlar atılacaqmı? Onkoloji xəstəliklərin müalicəsi və onların dərmanlarla təmini icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcəkmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Adil Qeybulla söylədi ki, onkoloji xəstələr hələ icbari tibbi sığorta tətbiq edilməzdən öncə dövlət proqramına daxil idi:

"Bu xəstələr dövlət proqramı ilə müalicə alırdılar. O cümlədən diabetli xəstələr, vərəmli xəstələr və s. Hazırda onkoloji xəstələrin icbari tibbi sığorta paketinə daxil edilməsi ilə bağlı təkliflər var və bu iş araşdırılır. Həll edilməsi üçün təkliflər verilir. Məsələ burdadır ki, onkoloji xəstələrin kombinə olunmuş müalicəsi, yəni onların diaqnostikasından tutmuş, dərman müalicəsi, kimyəvi terapiyası, immun terapiyası, şüa müalicəsi və digər üsullar xeyli bahalı dərman preparatları tələb edir. Bunların İcbari Tibbi Sığorta paketinə salınması mütləq icbari tibbi sığorta imkanları ilə müəyyən edilməlidir. Ona görə də bir il öncəki xəstənin statistikasını, baş verən xəstəlikləri, onların müalicəsi üçün olan xərcləri, bütün bunlar hamısı müəyyənləşdirilib, icbari tibbi sığorta paketinə konkret bir rəqəm ayrılmalıdır. Mən düşünürəm ki, bu istiqamətdə işlər gedir, məsələ öz həllini yaxın vaxtlarda tapacaq".

İcbari Tibbi Sığiorta üzrə Dövlət Agentliyindən isə məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, xidmət icbari tibbi sığorta ilə qarşılanarsa, ictimaiyyətə ətraflı məlumat veriləcək.

Humay İSGƏNDƏRLİ