Bütün xəstəliklərin 25 %-i ətraf mühitin çirklənməsi ilə bağlıdır - Əhliman Əmiraslanov

 11:45 17.04.2024     179

İnsanlarda yaranan bütün xəstəliklərin 25 %-dən çoxu məhz ətraf mühitin çirklənməsi ilə bağlıdır.

Redaktor.az xəbr verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı statistikaya əsaəsn, insanlarda yaranan bütün xəstəliklərin 25 %-dən çoxu məhz ətraf mühitlə əlaqədardır.

O qeyd edib ki, bu, təsdiq olunan statistikadır:

“İnsanlar arasında baş verən ölüm hallarına səbəb olan patologiyalar arasında ilk sıralarda gələn ürək-damar və onkoloji xəstəliklərin yaranması ətraf mühitin çirklənməsi və atmosferdə baş verən neqativ hallarla bağlıdır.

Havanı çirkləndirən sənayeləşmə, nəqliyyat vasitələrinin sayının çoxalması və atmosferə atılan zərərli tullantılaırn həcminin artması əsas səbəblər arasındadır. Digər tərəfdən, bir çox xəstəliklərin yaranması su ilə bağlıdır. Dünyada içməli suya təlabat artır. Həmçinin içmək üçün yararsız sudan istifadə edilir və bakteriyalar səbəbindən xəstəliklər yayılır”.

Qeyd edək ki, ictimai dinləmə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, Energetika və ekologiya komitələrinin birgə təşəbbüsü ilə keçirilir.