Yeməyin dadı qan şəkərinin səviyyəsinə təsir edir - Alimlər

 19:04 20.05.2024     488

Monell Kimyəvi Hisslər Elm Mərkəzinin (ABŞ) alimləri aşkar ediblər ki, tərkibində az kalori və karbohidrat olsa belə, dad qönçələrinin şirin qidaları qəbul etməsi səbəbindən qan şəkərinin səviyyəsi yüksələ bilər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "PLOS One" jurnalında dərc olunub.

Tədqiqatın bir hissəsi olaraq subyektlərdən iki növ şəkərli içki içmək istənib. Birincisi təbii şəkər (qlükoza) və sukraloza adlı aşağı kalorili tatlandırıcının qarışığı idi. İkinci içkinin tərkibində şəkər və laktizol adlı şirin dad antaqonisti var idi. Bu maddə natrium duzundan ibarətdir və şirinlik tənzimləyicisi kimi istifadə olunur. İstehlakdan əvvəl və sonra, şəkər və insulin səviyyələrini qiymətləndirmək üçün təcrübənin bütün iştirakçılarından qan nümunələri götürülüb.

Məlum olub ki, sukraloza və qlükoza tərkibli içki, aşağı kalorili olmasına baxmayaraq, iştirakçıların qanında şəkər və insulinin konsentrasiyasını artırıb. Eyni zamanda, əlavə edilən sukraloza insulinin sərbəst buraxılmasını sürətləndirib. Süni olaraq neytrallaşdırılmış şirinliyi olan içki, əksinə, qan plazmasında qlükoza və insulinin səviyyəsini azaldır.

Alimlər bildiriblər ki, qlükoza dad qönçələrinə təsir edir, sonradan şirin (süni və ya təbii) dad haqqında məlumatı bağırsaqlar vasitəsilə mədəaltı vəzi kimi tənzimləyici orqanlara ötürür. Onlar da öz növbəsində bədəndə şəkər və insulinin yüksəlməsini stimullaşdırır.

Tədqiqatçılar onu da qeyd ediblər ki, şirin dad reseptorları təkcə ağızda deyil, həm də mədə-bağırsaq traktında, mədəaltı vəzidə, qaraciyərdə və piy hüceyrələrində olur. Onlar təklif ediblər ki, şəkər əvəzedicilərinin (həmçinin təbii qlükoza) həddindən artıq istifadəsi orqanizmdə spesifik AS1R2-TAS1R3 reseptorlarını həddən artıq stimullaşdıra bilər ki, bu da qanda qlükoza səviyyəsinin düzgün tənzimlənməməsinə gətirib çıxarır. Bu, karbohidratların aşkar çatışmazlığına baxmayaraq, maddələr mübadiləsinə və qida maddələrinin udulmasına mənfi təsir göstərə bilər.

Turan İSMAYIL