Qızmar havalarda niyə isti içkilər içmək lazımdır?

 00:19 12.06.2024     299

İsti havalarda soyuq içkilər əvəzinə isti içkilərlə sərinləməyə çalışmısınız?

Bu yay gözlənilən rekord temperaturların qeydə alınacağı günlərdə bir fincan isti çayla sərinləməyə cəhd edə bilərsiniz.

Temperatur yüksəldikdə bir çox insan sərinləmək üçün buzlu içkilərə üz tutur. Ancaq bəzi ölkələrdə il boyu əvəzolunmaz olan isti çay yay aylarında da istehlak edilir. Çünki bəzilərinə görə isti günlərdə isti çay daha təravətləndiricidir.

Redaktor.az medicina-ya istinadən xəbər verir ki, ənənəvi Çin təbabətində bəzi çayların isti istehlak edildikdə belə soyuducu xüsusiyyətlərə malik olduğu deyilirdi. Tədqiqatlar da isti içkilərin bədənə soyuducu təsir göstərə biləcəyini ortaya çıxarıb.

“King's College”in professoru Piter Meknaqton deyir ki, “isti içkilər həqiqətən sərinlədə bilər”.

“Life Science”a görə, isti içki içmək bədən istiliyini aşağı salmağa kömək edir.

Professorun fikrincə, isti içkilər və acı bibər sinirlərimizdə bədənin soyumağa ehtiyacı olduğunu bildirən “TRPV1” adlı reseptoru aktivləşdirir və bu insanları tərlədir. Dəridə tərin yığılması narahatlıq yaratsa da, meh tərin istiliklə birlikdə buxarlanmasına kömək edir.

“Həyatımız ümumiyyətlə tərləmədən asılıdır. Tərləmək insanlara Yer kürəsində indiyə qədər qeydə alınmış ən yüksək temperaturda sağ qalmağa kömək edə bilər. Yüksək rütubət vəziyyətində tər bədən istiliyini azaltmaqda daha az təsirli olur. Çünki hava artıq su buxarı ilə doludur və o, dəridən çox tər çəkmir. Buna görə də, yüksək rütubətli yerlər yaşayışa çox da əlverişli deyil”, - deyə professor qeyd edir.

“Acta Physiologica” jurnalında dərc edilən 2012-ci ildə aparılmış bir araşdırma da isti içkilərin insanların müvəqqəti sərinləməsinə kömək edə biləcəyini göstərmişdi.