Qızmar havalarda soyuq su ilə duş almaq ürəyə zərərlidir - Kardioloqdan AÇIQLAMA
İsti havalarda sərinləmək üçün soyuq su ilə duş almaq ürək sağlamlığına mənfi təsir göstərə bilər.
Redaktor.az medicina-ya istinadən xəbər verir ki, bunu Trakya Universiteti (TU) Tibb Fakültəsi Kardiologiya kafedrasının müdiri Prof. Dr. Servet Altay bildirib.
“İsti havalarda bədən temperaturunun tarazlığını qorumaq üçün müxtəlif yollara üstünlük verilir. Bunlardan biri də soyuq su ilə sərinləməkdir. Yayda sərinləmək üçün soyuq su ilə duş qəbul etmək düzgün deyil. Çünki sərinləməyə çalışarkən damar və ürək xəstəliklərinin yaranmasına səbəb ola bilərsiniz”, - deyə kardioloq qeyd edib.
Onun sözlərinə görə, soyuq duş xeyirdən çox zərər verir:
“Soyuq su ilə duş qəbul etmək və ya buz kimi su ilə dolu vannaya girmək orqanizmə mənfi təsir göstərir. Bu zaman qan dövranı pozulur, damarlarda soyuğa görə spazm yaranır. Bədənin xarici təbəqəsindəki damarlarda yaranan bu vəziyyət nəticəsində ani təzyiq balanssızlıqları yarana bilər. Qan təzyiqinin azalması və ya artması nəticəsində huşunu itirmə baş verə bilər. Bu, ürək damarlarına da təsir göstərir. Anidən soyuq suya girmək ürək spazmlarına da səbəb olur”.
Kardioloq soyuq suya bədəni tədricən öyrəşdirmək lazım olduğunu bildirib.
"İlıq su ilə duş daha yaxşı seçimdir. Ancaq soyuq suya girəcəksinizsə, bunu yavaş-yavaş, mərhələli şəkildə etməlisiniz", - deyə həkim vurğulayıb.