Gündəlik vitamin əlavələri daha uzun yaşamağa kömək edirmi?
Vitaminlər immunitet sistemini gücləndirməkdən tutmuş möhkəm sümüklərə sahib olmağa qədər müxtəlif sağlamlıq faydaları vəd edir.
Lakin əhatəli bir araşdırma multivitaminlərin düşünülənin əksinə olaraq daha uzun yaşamağa kömək etmədiyini aşkar edib.
Redaktor.az medicina-ya istinadən xəbər verir ki, ABŞ-də təxminən 400 min sağlam yetkin insanın iştirakı ilə aparılan araşdırmanın nəticələri bunu göstərib.
Müəyyən edilib ki, müntəzəm olaraq əlavələr qəbul etmək insanların daha uzun ömür sürməsinə heç bir təsir göstərmir.
Hətta bu analiz gündəlik multivitamin istifadəsinin 4 faiz daha çox ölüm riski ilə əlaqəli olduğunu göstərib.
Dünyada milyonlarla insanın sağlamlıqlarını yaxşılaşdırmaq ümidi ilə istifadə etdiyi vitamin sənayesinin milyardlarla dollar dəyərində olduğu təxmin edilir.
ABŞ-dəkı Milli Xərçəng İnstitutunun tədqiqatçıları orta yaşı 61 olan və xərçəng və ya digər xroniki xəstəlik tarixçəsi olmayan iştirakçıları 20 ildən çox izləyiblər.
Onlar 1993-cü ildən 2001-ci ilə və 1998-ci ildən 2004-cü ilə qədər multivitamin istifadəsini 27 ilə qədər izləyiblər.
Bu müddət ərzində təxminən 164,762 nəfər ölüb. Ölümlərdən 49 836-sı xərçəng, 35 060-ı ürək xəstəlikləri, 9 275-i isə serebrovaskulyar xəstəliklər səbəbilə baş verib.
Tədqiqatçılar təhsil səviyyəsi, siqaret çəkib-çəkməmələri, bədən kütləsi indeksi, ailə vəziyyəti, spirt və qəhvə istehlakı kimi digər amilləri də qiymətləndiriblər.
Nəticələrə görə, multivitamin istifadəçilərinin BMI-i aşağı olub və daha yaxşı qidalanmağa meyilli olublar.
Ancaq gündəlik vitamin qəbul edən insanlarda uzunömürlülük baxımından heç bir fayda görülməyib. Əksinə, onlarda ölüm riskinin 4 faiz artdığı müşahidə edilib.
Bu ilin əvvəlində Harvard Universiteti tərəfindən nəşr olunan başqa bir araşdırma isə müəyyən etmişdi ki, əlavələr yaşla bağlı baş verən koqnitiv geriləməni yavaşlatmağa kömək edə bilər.
Digər araşdırmalar isə vitaminlərin “placebo” effekti ilə də olsa, insanların özlərini daha sağlam hiss etmələrinə kömək edə biləcəyini göstərib.