Kişiləri gənc yaşda öldürən SƏBƏBLƏR
Xəstəliklərin gec diaqnozu kişilərin ömrünün qısalmasına səbəb olur.
Redaktor.az medicina-ya istinadən xəbər verir ki, bu nəticəni baş ofisi Avstraliyada yerləşən “Movember” beynəlxalq xeyriyyə təşkilatının alimlərinin kişilərin sağlamlığı ilə bağlı illik araşdırması üzə çıxarıb.
Məlum olub ki, xərçəng kimi təhlükəli xəstəliklərin gec diaqnozu Böyük Britaniyada minlərlə gəncin vaxtından əvvəl ölümünə səbəb olur.
Tədqiqat çərçivəsində kişi və qadınların ümumi sağlamlıq və həyat tərzi xüsusiyyətlərini qiymətləndirmək üçün Böyük Britaniyanın tibbi məlumat bazalarından alınan məlumatlar təhlil edilib.
Alimlər, həmçinin 2021-ci ildə Böyük Britaniyanın müxtəlif bölgələrində ölən kişilərin sayını hesablayıblar və daha sonra ölümün əsas səbəblərini müəyyənləşdiriblər.
Məlum olub ki, britaniyalıların təxminən 39%-i vaxtından əvvəl ölür.
Tədqiqatın nəticələrinə görə, kişilər daha az sağlam həyat tərzi keçirir, daha çox siqaret çəkir, alkoqol və narkotik qəbul edir və hipertoniyadan əziyyət çəkirlər.
Bundan əlavə, kişilərin tibbi müayinələrə getmə ehtimalı azdır ki, bu da xərçəng və ürək xəstəlikləri kimi təhlükəli xəstəliklərin gec diaqnozuna səbəb olur.
Alimlər aydınlaşdırıblar ki, kişilərin üçdə ikisi (64%) yalnız hər hansı xəstəliyin simptomları bir həftədən çox davam etdikdə həkimə müraciət edir, üçdə biri isə (31%) mütəxəssislə məsləhətləşməni bir ay təxirə salır.
Tədqiqat iştirakçılarının təqribən 48%-i tibbi müayinədən qaçmağa meyilli olduğunu bildirib. Respondentlərin 40%-dən az hissəsi hər il pulsuz tibbi müayinədən keçdiyini bildirib.
Tədqiqatçılar xəstəliklərin əlamətlərinə məhəl qoymamağın sağlamlığın sürətlə pisləşməsinə səbəb ola biləcəyini vurğulayıblar.
Alimlərin fikrincə, kişilər qadınlarla müqayisədə sağlamlıqlarının qeydinə daha az qalırlar.