Bu cür qidalanmaq kolon xərçəngi riskini artırır
Qərb tərzi qidalanma iltihablı bağırsaq xəstəliyinin və kolorektal xərçəngin inkişaf riskini artırır.
Redaktor.az medicina-ya istinadən xəbər verir ki, bunu Korkdakı İrlandiya Milli Universitetinin alimləri aşkarlayıblar.
Tədqiqatın nəticələri “Nature Reviews Microbiology” jurnalında dərc olunub.
Mədə-bağırsaq sağlamlığı üçün ən yaxşı və ən pis pəhrizləri vurğulamaq üçün tədqiqatçılar oxşar mövzuda əvvəllər dərc edilmiş elmi məqalələrə baxış keçiriblər.
Altı qidalanma tərzi nəzərdən keçirilib:
Aralıq dənizi pəhrizi (tərəvəzlər, balıq növləri, çərəzlər və zeytun yağına üstünlük verilir);
Yüksək lifli pəhriz (pəhriz lifinin nisbətinin yüksək olmasına diqqət yetirilir);
Vegeterian pəhriz;
Yüksək zülallı pəhriz;
Ketogenik pəhriz (karbohidratları azaltmaq, sağlam yağları artırmaq tələb olunur);
və Qərb tərzi qidalanma (fast-food, qənnadı məmulatları, şəkərli içkilər, işlənmiş ət və süd məhsullarının çox olması ilə xarakterizə olunur).
Müəyyən edilib ki, Qərb tərzində qidalanmaq iltihablı bağırsaq xəstəliyi və kolorektal xərçənglə əlaqələndirilir.
Alimlər bu qidalanma tərzinin zərərli təsirlərinin yağ və şəkərin həddindən artıq istehlakı ilə əlaqəli olduğunu izah ediblər. Bu qida komponentləri ilə zəngin qidalar çox vaxt lif ehtiva etmir. Pəhriz lifi çatışmazlığı olduqda bağırsaqlar enerji mübadiləsini və bədəndə iltihabı tənzimləmək üçün vacib olan qısa zəncirli yağ turşularını effektiv şəkildə sintez edə bilmirlər.