Bu vitaminin çatışmazlığı çəki artımına səbəb olurmuş

 00:22 21.07.2024     719

Alimlər müəyyən ediblər ki, artıq çəkili insanlar kifayət qədər C vitamini qəbul etmirlər.

Redaktor.az medicina-ya istinadən xəbər verir ki, Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri insanlarda C vitamini çatışmazlığının çəki artımı ilə əhəmiyyətli dərəcədə əlaqəli olduğunu müəyyən ediblər.

Onların fikrincə, artıq çəki varsa, sağlamlığı qorumaq üçün pəhrizdə C vitamininin miqdarı artırılmalıdır.

Tədqiqatın nəticələri “Critical Reviews in Food Science and Nutrition” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində alimlər dünya əhalisinin sağlamlığına dair məlumatları özündə əks etdirən iki böyük məlumat bazasını təhlil ediblər.

Bunlar ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusu (2017–2018 illəri və 2 828 nəfəri əhatə edir) və Avropa Prospektiv Xərçəng Araşdırmasıdır (1993–1997-ci illəri və 20 692 nəfəri əhatə edir).

Tədqiqatçılar iştirakçıların çəkisi haqqında məlumat toplayıb və onların hər birinin qanında C vitamininin konsentrasiyasını qiymətləndiriblər. Nəticələr göstərib ki, artıq çəkidən əziyyət çəkən insanların orqanizmində bu vitamin əskikdir.

Alimlər irəli sürüblər ki, piylənmə oksidləşdirici stressi artıran aşağı dərəcəli iltihabı çoxaldaraq C vitamininin mübadiləsini (və onun orqanizmdən xaric olmasını) sürətləndirə bilər.

Məlumata görə, piylənmə 2-ci tip diabet və alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riskini də artırır. Bu xəstəliklərin hər ikisi C vitamini səviyyəsinin azalması ilə xarakterizə olunur.

Yeni Zelandiyada hazırda Ümumdünya Səhiyyə Təşkilatının C vitamini üçün gündəlik tövsiyəsi 45 mq-dır. Bu, dünyada ən aşağı gündəlik dozalardan biridir. Alimlərin fikrincə, bu məbləğ artıq çəkili insanlar üçün kifayət etməyə bilər.

Tədqiqatçılar çəkisi 70 kq olan insanın hər 10 kq artıq çəki üçün əlavə olaraq 17-22 mq C vitamini almasını tövsiyə edirlər.