Bu şəxslər uzun müddət günəş şüalarına məruz qalmasınlar - Tanınmış həkimdən MƏSLƏHƏT

 18:54 22.07.2024     823

Bir neçə gündür Yer kürəsini maqnit qasırğası bürüyüb. Bunun təsirindən isə nisbətən həssas insanlar daha çox əziyyət çəkirlər. 

Professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında maqnit dalğalarının orqanizmə təsirindən danışdı:

"Maqnit qasırğaları günəşin özündə baş verən hadisələrlə bağlıdır. Günəşdə mütəmadi olaraq böyük partlayışlar olur. Bu da aşırı radiasiyanın 8 dəqiqə ərzində Yer kürəsinə gəlib çatmasına səbəb olur. Bu radiasiya özünü Yerdə də göstərir. Hərçənd Yerin atmosferi bizi kosmik radiasiyadan qoruyur. Ancaq maqnit dalğaları Yer səthinə yetişir və canlı orqanizmlərə təsirsiz ötüşmür. İnsanlar bunu daha çox hiss edirlər və qorunmaq imkanları daha çoxdur". 

Həkim qeyd etdi ki, istənilən halda meterohəssas insanlar, yəni iqlim təlatümlərinə həssas olan kəslər belə xəbərdarlıqlar zamanı evdə olmalıdırlar:

"Xüsusilə qan təzyiqindən əziyyət çəkənlər dərmanlarını vaxtında qəbul etsinlər, həkimləri ilə məsləhətləşsinlər. Uzun müddət günəş şüalarına məruz qalmasınlar, çünki həm də günvurma və istivurma hadisələri də baş verə bilər. Bu hadisələr adətən bir-iki gün davam edir. Bir çox hallarda əhalinin böyük bir qismi bunu hiss etmir və orqanizmlərində kompensator reaksiyalar işləyir. Ancaq bu cür narahatlıqlara məruz qalanlar gərək məsləhətlərə əməl etsinlər".

Sevinc İBRAHİMZADƏ