Temperaturun yüksəlməsi infarkt riskini artırır – Kardioloqdan xəbərdarlıq

 00:25 23.07.2024     433

"20 dərəcə normadır. Ondan sonra temperaturun hər 1 dərəcə yuxarı qalxması 65 yaşdan yuxarı şəxslərdə infarkt riskini 2 faiz artırır".

Redaktor.az medicina-ya istinadən xəbər verir ki, bunu Prof. Dr. Servet Altay “AA”ya bildirib.

İsti havaların infarkt, ürək çatışmazlığı və aritmiya kimi sağlamlıq problemlərinə səbəb olduğunu bildirən Altay, xüsusilə risk qrupunda olan xəstələrin və yaşlıların diqqətli olması barədə xəbərdarlıq edib.

İsti havaların bədənin istilik tarazlığını pozduğunu və birbaşa ürək sağlamlığına təsir etdiyini izah edən professor sözlərinə belə davam edib:

“Temperatur nə qədər yüksək olarsa, bir o qədər çox infarkt görürük. Bundan əlavə, hipertoniya və ritm pozğunluqları meydana gəlir. Beyin qanaması kimi neqativləri də görə bilərik”.

O, isti havalardan qorunmaq üçün bol maye qəbul etməyi, yağlı qidalardan uzaq durmağı, tərəvəz və meyvələrə, eləcə də yüngül yeməklərə üstünlük verməyi lazım bilib.