Yeni virus Azərbaycana da gələ bilər - İnfeksionistdən yayılan virusla bağlı ÇAĞIRIŞ
İranda insanlar arasında "dang" xəstəliyinə yoluxma halları artıb. Bu xəstəlik ciddi sağlamlıq problemlərinə yol aça bilir.
Bəs qonşu ölkədə yayılan bu xəstəliyin Azərbaycana gəlmə təhlükəsi varmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-infeksionist Ləman Qalimova bu virusun 80-dən çox ölkədə yayılacağını bildirdi:
"Yoluxma halları daha çox Amerika bölgəsinin payına düşür. Azərbaycana gəlmə təhlükəsi də ehtimal olunur. Bu xəstəlik ağcaqanadlar vasitəsilə daşınır. İnsanlarda isə simptomlar əsasən yüksək hərarət, ürək bulanması, səpmə, baş gicələnməsi, baş ağrısı, bel ağrısı kimi hallar olur. Qızdırmanın hemorragik variantı qan damarlarında güclü qanaxma yarada nəticədə ölüm halları müşahidə oluna bilər".
İnfeksionistin sözlərinə görə, hələlik bu xəstəliyin müalicəsi üçün xüsusi bir dərman yoxdur.
"İnsanlar ağcaqanad dişləmələrindən qorunmalıdırlar. Bunun üçün yaşadığı ərazilərdə müvafiq tədbirlər görə bilərlər. Məsələn bunlar ağcaqanadı qovmaq üçün spreylər, dərmanlar ola bilər. Çölə çıxarkən ağcaqanad əleyhinə nəm salfetlərlə bədənlərini silsinlər", - deyə Ləman Qalimova qeyd etdi.
Türkan İSGƏNDƏRLİ