Həkimlər anaları süd vermək əvəzinə süni qidalara yönləndirir? - AÇIQLAMA

 17:42 23.07.2024     792

Yeni doğuş etmiş anaları süd verməyə təşviq etmək əvəzinə, bir çox həkim süni qidalara yönləndirir. Hətta pediatr Aytən İsmayılzadənin sözlərinə görə, süni qida yazan hər həkim qutusuna görə firmalardan minimum 20-30 manar pul alır. Əmizdirmə mütəxəssisləri anaları məlumatlandırırlar deyə doğum evlərinə buraxılmır.

Bəs körpəyə ana südünün əvəzinə süni qida verilməsinin hansı mənfi təsirləri var?

Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli Redaktor.az-ın sorğusuna cavab verdi:

Onun sözlərinə görə, körpələrin ən azı 6 ayadək ana südü ilə qidalanması çox mühüm əhəmiyyət kəsb edir:

"Çünki hərtərəfli inkişaf üçün, xüsusən də mədə-bağırsaq sisteminin tədricən ağızdan qəbul edilən qidaya öyrəşməsi, immun sisteminin normal fəaliyyəti, ana-uşaq əlaqələrinin yaranması və s. üçün ana südü ilə qidalandırma çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir".

 

Təranə Rəcəbli Dövlət Statistika komitəsinin saytındakı rəsmi statistik məlumatlarına istinad gətirdi:

"Azərbaycanda 3 aya qədər 2020-ci ildə 82 min körpədən 55 mini, 2021-ci ildə 77 min körpədən 50,9 mini, 2022-ci ildə 80 min körpədən 52 mini yalnız ana südü ilə qidalanmada olmaqla artma tendensiyası müşahidə olunur. Doğuşayardım müəssisələrimizdə ana südü ilə qidalanmaya dair siyasət həyata keçirilir ki, bunun da əsasını ana südü ilə qidalanmaya dair 10 addım prinsipi təşkil edir. Müəssisələrimiz "Körpə dostu" klinikası təşəbbüsünə qoşulub. Hər il UNİCEF uşaq fondunun müstəqil ekspertləri tərəfindən monitorinqlər keçirilərək 1-7 avqust "Beynəlxalq ana südü ilə qidalanma" həftəsində hesabat təqdim edilməklə qalib müəssisələrimiz elan edilir. Doğuşayardım müəssisələrimizdə 2022-ci il 15 noyabr tarixində ÜST tərəfindən dərc edilmiş “Vaxtından əvvəl doğulmuş və az çəkili körpələrə qulluq üçün tövsiyyələri”ə əməl edilir. Pediatr Aytən İsmayılzadənin yazısında qeyd edilənlər müəssisələrimizin ana südü ilə qidalanma istiqamətində gördüyü işlərə kölgə sala bilməz".

Perinatal Mərkəzin rəhbəri qeyd etdi ki, həyatının 3-6 ayı ərzində, 12 ayadək və 1.5 və 2 yaşa qədər yalnız ana südü ilə qidalanan körpələrimizin sayında azalma statistikası görünür:

"Fəaliyyətimizdə məhz bu yaş dövrlərində ana südü ilə qidalanmanın saxlanılması və artırılması istiqamətində işlərə nəzarəti gücləndiririk. Bu baxımdan İlkin Səhiyyə Xidmətinin üzərinə böyük məsuliyyət düşür. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 4 noyabr "Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi" haqqında əmrində ana südü ilə qidalanmaya dair siyasətdə ilkin səhiyyə xidməti qarşısında konkret vəzifələr qoyulub. Əmrin icrası məhz 3 aydan - 2 yaş qrupu körpələrimizin yalnız ana südü ilə qidalanma statistikasının müsbət istiqamətdə dönüşündə mühüm rol oynayacaqdır".

Sevinc İBRAHİMZADƏ