Bu cizgi filmləri uşaqların psixologiyasına ZƏRƏR VERİR

 10:09 02.08.2024     496

Bəzi müasir cizgi filmləri uşaqlarda stereotip düşüncəyə səbəb olur.

Redaktor.az xəbər verir ki, bu barədə Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin Rəqəmsal Təhsil Mühiti üzrə Koqnitiv Tədqiqatlar Mərkəzinin psixoloqu və baş elmi işçisi Elena Şepeleva bildirib:

“Müasir cizgi filmləri parlaq şəxsiyyətlərə malik personajların yer aldığı seriallardır. Hər epizodda göründükləri üçün uşaq onları yaxın dost, hətta ailə üzvləri kimi qəbul etməyə başlayır. Bunun həm müsbət, həm də mənfi cəhətləri var: uşaq müxtəlif vəziyyətlərdə fərqli insanların necə davrana biləcəyini başa düşür, lakin bəzi stereotiplər yaradılır. Məsələn, "Luntik" haqqında çəkilən cizgi serialında tırtıllar daim hərəkətdə olur, balaca arı işləyir, kəpənəklər özünü göstərir və uşaq müəyyən davranışları real həmyaşıdlarına aid edə bilir".

Psixoloq həmçinin vurğulayıb ki, uşaqlar cizgi filmlərində gördükləri mənfi nümunələri mənimsəyir:

"Məsələn, "Maşa və Ayı" cizgi serialında qız daim zarafat edir və səbirli valideyn rolunu oynayan Ayı xuliqanlığın nəticələrini aradan qaldırır. Uşaq gördüyü və Maşa ilə eyniləşdirdiyi nümunələri mənimsəyir. Əgər valideynlər daim Ayı rolunda olmaq istəmirlərsə, o zaman uşaqla həmin perssonajın hərəkətlərinin nəticələrini müzakirə etməlidirlər”.

Şepeleva deyib ki, uşağınıza müasir cizgi filmlərini göstərməkdən tamamilə qaçmamalısınız:

"Onlar realizmdən kənara çıxmadan təcrübələrini artıra bilərlər. Uşaqlar müxtəlif yaş və şəxsiyyətlərə malik həmyaşıdları arasında münasibətləri də modelləşdirirlər. Bəzi cizgi filmlərində yeganə doğru yolun daşıyıcısı kimi çıxış edən böyük biri olmadığı üçün qəhrəmanlar nəyin yaxşı, nəyin pis olduğunu özləri təcrübə edərək anlayırlar".

Mütəxəssis bildirib ki, belə cizgi filmlərinə baxmaq uşağın təfəkkürünü və öz hərəkətlərinə şüurlu münasibətini inkişaf etdirə bilər.

Onun sözlərinə görə, həm köhnə, həm də müasir cizgi filmləri faydalıdır. Valideynlər cizgi filmlərinə baxdıqdan sonra övladlarının davranışındakı dəyişiklikləri izləməli, uşaqları ilə izlədikləri hekayələri və hadisələri müzakirə etməlidirlər.

Sevinc İBRAHİMZADƏ