Hamilə qadınlar bu yeməklərə üstünlük versinlər...– həkim məsləhəti

 18:14 06.08.2024     451

Hamiləlikdə çəki artımı labüd və qaçılmaz bir fizioloji prosesdir. Lakin çəkinin artmasının miqdarı hamilənin bədən çəkisinin indeksindən asılı olaraq müxtəlif ola bilər.

Redaktor.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Xanım Adıgözəlova bildirib.

Onun sözlərinə görə, bədən çəki indeksi 18-dən 24.9-a qədər norma hesab olunur və qadının hamiləlik müddətində aldığı çəki çox zaman bədən çəki indeksinin miqdarından asılıdır. Belə ki, 18-24 normal bədən çəkili hamilə hesab olunur: “Bu hamilələr hamiləlik müddətində maksimal şəkildə 16 kiloqrama qədər, yəni təxminən 6-16 kiloqrama qədər çəki ala bilərlər. Əgər hamilənin bədən çəki indeksi 18-dən aşağıdırsa, onun 11-18 kiloqrama qədər çəki alması normal hesab olunur. Əgər çəki daha çoxdursa (artıq çəki dedikdə biz hamilənin bədən çəki indeksinin 25-dən 29.9–a qədər olan aralığını nəzərdə tuturuq) həmin hamilələrin maksimal çəki artımının 12-13 kiloqramdan çox olmaması məsləhət görülür”.

X.Adıgözəlova qeyd edib ki, piylənməsi olan hamilələrdə isə bədən çəki indeksinin göstəricisi 30-dan yuxarı olur və bu piylənmənin dərəcəsindən asılı olaraq dəyişilir: “Bədən çəki indeksinin göstəricisinə görə, belə hamilələrdə çəki artımının maksimal 9-10 kiloqramdan çox olmaması məsləhət bilinir. Bu, 3-4 kiloqram və ya 9 kiloqram da ola bilər. Amma bundan artıq olmaması tövsiyə edilir. Hamilənin aldığı çəki trimestrlər üzərində də dəyişir. Əsas çəki artımı axırıncı trimestrlərdə rast gəlinir ki, bu da daha çox dölün özünün çəkisinin sürətli artması ilə əlaqədardır. Hamilə də bu həftələrdə çəkisinin sürətli artdığını hiss edir”.

Mama-ginekoloq bildirib ki, hamilə qadının sağlam çəki artımı onun qidalanmasından çox asılıdır: “Biz məsləhət bilirik ki, hamilələr öz rasionunda lifli qidalardan daha çox istifadə etsinlər, evdə bişirilən yeməklərə üstünlük versinlər, konservatlardan, emal olunan qidalardan, un məmulatları, şirniyyatlardan uzaq dursunlar. Onlar gündəlik maye qəbuluna xüsusi fikir verməklə öz çəkilərini sağlam şəkildə artıra bilərlər. Həmçinin həkim nəzarəti ilə çəki artımının qarşısını almaq üçün müxtəlif pəhrizlər tuta bilərlər. Sağlam hamiləlikdə pəhrizlərə ehtiyac yoxdur. Yalnız patoloji hallarda, yəni piylənməsi olan hamilələrə xüsusi pəhriz yazırıq ki, çəki artımını nəzarətdə saxlayaq. Amma hər halda hamilə qadının sağlam qidalanması onun çəkisinin də nəzarətdə saxlanılmasında xüsusi rol oynayır. Hamilələr az-az, tez-tez yeməli və təbii qidalara üstünlük verməlidirlər”, - deyə mütəxəssis qeyd edib.