"Peyvənddən gərəksiz qorxular, imtinalar uşağın həyatı üçün çox təhlükəlidir" - Tanınmış pediatr
Xəbər verdiyimiz kimi, Azərbaycanda uşaqların immunizasiyası üzrə yeni təlimat təsdiqlənib. Uşaqların immunizasiyası üzrə yeni təlimat Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə hazırlanıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan pediatr Günay Rəsulova bildirdi ki, bu təlimata əsasən tibb işçiləri vaksinasiya prosesində günlük bu vəsaitə istinad edərək elmi əsaslandırılmış şəkildə uşaqlara peyvənd vuracaqlar.
"Əvvəllər valideynlər uşaqlarını vaxtından tez və ya gec peyvənd etdirmək istəyirdilərsə, bu, artıq belə olmayacaq. Artıq bu vəsait peyvəndlərin vaxtında olunmasının uşağın sağlamlığı üçün nə qədər vacib olduğunu xatırladır. Bundan sonra vaxtında olan, hətta peyvənd olunmamış uşaqlar üçün elmə əsaslanan təqvimdən istifadə olunaraq, peyvəndlər vurulacaq. Həmçinin bu vəsaitdə peyvəndlərdən ola biləcək yan təsirlər və ya əks göstərişlər daha dəqiq və düzgün ifadə olunur. Beləliklə uşaqlar peyvənd, vaksinasiyadan yayınmır. Nümunə kimi deyə bilərəm ki, əvvəllər qanazlığı olan uşaqlara peyvənd vurulmurdu. Bu, çox yanlış idi. Çünki elmi olaraq qanazlığı peyvənd vurulmasına əks göstəriş deyil və bu təlimatda da qeyd olunub".
Həkim-pediatr vaxtında peyvənd olunmamağın zərərlərindən də danışdı:
"Vaxtı-vaxtında peyvəndlərin olunmaması uşaqları çox ciddi infeksion xəstəliklər təhlükəsi qarşısında qoyur. Ən çox yol verilən səhv peyvəndlərin vaxtında deyil, gecikdirilərək vurulmasıdır. Məsələn, qızdırma əleyhinə peyvənd iki ayında yox, bir yaşında vurularsa, bu, uşağın həyatı üçün riskdir. Çünki iki ayında uşaq bu infeksiyaya yoluxarsa, daha ölümcül nəticələnə bilər. O baxımdan toplum üçün də bağçalara, məktəblərə, bir sözlə kollektiv içinə gedən uşaqların immunizasiyasının tam olması vacibdir ki, xəstəliklər ölkə ərazisində yayılaraq epidemioloji təhlükə yaratmasın. Hətta mövsümi peyvəndlər də var. Məsələn, payız, qış aylarında qrip peyvəndi olunur. Bu kollektivə gedən uşaqlarda üst tənəffüs yolu virus, infeksiyasından müəyyən dərəcədə qorunmuş olur və beləliklə, uşaq dərsdən qalmır, həyat keyfiyyəti yüksəlir. Odur ki, hətta mövsümi peyvəndlərin edilməsi rutin peyvəndlərdən əlavə uşağın sağlamlığı üçün çox vacibdir. Gərəksiz yayınmalar, peyvəndlərdən gərəksiz qorxular, imtinalar uşağın həyatı və bizim toplum üçün çox təhlükəlidir. Ona görə valideynlər mümkün olduğunca uşaqlara peyvənd vurdurmalıdır. Peyvənddən deyil, peyvəndsizlikdən qorxmalıdırlar", - deyə Günay Rəsulova vurğuladı.
Türkan İSGƏNDƏRLİ