Günəşdən qoruyucu krem necə seçilməlidir? - Dermatoloqdan MƏSLƏHƏT
Yay aylarında günəş şüaları olduqca yandırıcı təsirə malik olur. Buna görə də bir çox insan günün istənilən vaxtı açıq havaya çıxarkən günəşdən qoruyucu vasitələrdən istifadə edir. Bəs günəş kremi necə seçilməlidir ki, dəriyə hər hansısa ziyanı olmasın?
Bu barədə həkim-dermatoloq Kənan Əhmədov Redaktor.az-a bildirdi ki, həssas dərili insanlar var, hansı ki, günəşin təsirindən onların qollarında, üzlərində, boyun və sinə nahiyyələrində qızartılıq yaranır. Buna görə də dərisi ləkəyə meyilli olan kəslər mütləq şəkildə günəşdən qoruyucu kremlərdən istifadə edərək özlərini qorumalıdırlar:
"Gündən qoruyucu kremlər günəş şüalarını buraxma dərəcəsinə görə dəyişir. Yəni 30, 50, 80 və 100 olur. Həmçinin tərkibinə görə də yağlı, həssas, ləkəyə meyilli və quru dərilər üçün fərqli olur. Buna görə də günəşdən qoruyucu krem alarkən mütləq şəkildə üzərindəki rəqəminə baxılmalıdır və dəri tipinə görə alınmalıdır".
Dermatoloq qeyd etdi ki, SPF kremlərin günəşə çıxmamışdan 20 dəqiqə əvvəl istifadə olunması lazımdır, onlar maksimum üç saat öz təsirini qoruyub saxlayır:
"Üç saatdan sonra əgər günəş altında olacağımızı biliriksə, təkrar bir də üzümüzdə olan gündən qoruyucunu silib yenisini vurmaq lazımdır. Bundan əlavə uşaqlar üçün ayrı, böyüklər üçün ayrı SPF-lər olur. Hətta 5-10 aylıq uşaqlar üçün belə gündən qoruyucular satışda var. Bundan əlavə günəşdən qoruyucuların üzərində çox vaxt gözə düşəndə yandırmayacağını bildirən bir işarə olur, həmçinin suya davamlı olur. Yəni onu istifadə edib dənizə, hovuza girmək olar. Günəşin zərərli saatları saat 11:00 və 16:00 aralığıdır. Bu saatlarda günəşdən qoruyucu məhsul mütləq istifadə etməliyik. Amma həssas insanlar günün altında olacaqlarını bilirlərsə, istənilən saatda istifadə etməlidirlər".
Sevinc İBRAHİMZADƏ