"Göz rənginin dəyişdirilməsi ciddi görmə itkisinə səbəb ola bilər" - Oftalmoloq xəbərdarlıq etdi
Son dönəmlərdə göz rənginin dəyişdirilməsi - keratopiqmentasiya kimi estetik prosedurlara üstünlük verənlərin sayı çoxalıb. Xüsusən sosial şəbəkələrdə yayılan görüntülərdə məşhur olan şəxslər, bloggerlər və s. öz təbii göz rəngini həmişəlik necə dəyişdiklərini nümayiş etdirirlər. Adətən qəhvəyi göz rəngi yaşıl və ya mavi rəngə dəyişdirilir. Bəs keratopiqmentasiya əməliyyatının hansı təhlükələri var?
Bu barədə həkim-oftalmoloq Hafiz Qəhrəmanov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu əməliyyatdan sonra xəstənin sağlam gözündə problem yaranma ehtimalı yüksəlir:
"Hələ 2007-ci ildə Hindistanda olarkən bu tip estetik əməliyyatların şahidi olmuşam. Məsələn, buynuz qişanın rəngi digərindən fərqlənirsə, rəngi eyniləşdirmək üçün bu əməliyyatdan istifadə edilirdi. Bundan başqa bəzən pis xəstəlikdən sonra qüzehli qişada maye faktoru dəyişə bilir. Ancaq burada söhbət görməyən gözdən gedir. Yəni əgər gözlərin fərqli rəngdə olması kompleks yaradırdısa, rəngli maddə qüzehli qişaya vurulurdu və göz rəngləri bir-birinə oxşadılırdı. Ancaq dediklərim görən gözdə sağlam buynuz qişa üçün keçərli deyil. Buynuz qişaya istənilən müdaxilə onun zədələnməsi deməkdir. Bu əməliyyatın görən gözə tətbiq edilməsi məsləhət görülmür, çünki həmin maddələr kifayət qədər zərərlidir. Adi əməliyyatlar zamanı belə həkimlər həmin hissəyə çox toxunmamağa çalışırlar. Çünki sonradan reaksiya verə bilir, ora infeksiya düşə bilər, iltihablaşdırar, hətta ciddi görmə itkisinə də səbəb ola bilər".
Hafiz Qəhrəmanov tibbi olaraq bu əməliyyatı tövsiyə etmədiyini qeyd etdi:
"Burada problem həkimdə deyil, çünki pasient həkimə bu prosedur üçün müraciət edirsə, həkim də sadəcə işini görür. Ancaq tibbi ehtiyacı olmayan, sağlığa zərər verə biləcək prosedurlardan insanlar özləri uzaq durmalıdırlar".
Sevinc İBRAHİMZADƏ