Sağlam qidalanmanın əsas PRİNSİPLƏRİ

 01:00 24.08.2024     362

İnsan orqanizminin sağlamlığı onun uşaqlıqdan başlayaraq hansı qidalarla bəsləndiyindən birbaşa asılıdır. Əgər bir insan daima ziyanlı qidalara (fast-fud, qızardılmış yeməklər, tez hazırlanan market yarımfabrikatları, ziyanlı yağlar, şəkər) üstünlük verirsə qısa zamanda orqanizmində müxtəlif xəstəliklərin baş qaldırması ehtimalı yüksəlir. Ziyanlı qidalar mədə-bağırsaq sisteminin mikroflorasını pozur, öd yollarının durğunluğuna səbəb olur, qaraciyərin funksiyasına təsir göstərir və nəticədə qaraciyər zərərli qidalardan gələn toksinləri (ziyanlı maddələri) orqanizmdən xaric edə bilmir. Bununla da orqanizmdə qalan toksinlər müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Sağlam qidalanma, fiziki aktivlik indiki və gələcək nəsillərin sağlamlığının təməli və uzunömürlülüyün əvəzsiz şərtidir!

Redaktor.az xəbər verir ki, sağlam qidalanmanın əsas prinsipləri insanın yaşından, cinsindən, fiziki aktivliyinin çoxluğundan, həyat tərzindən, doğulduğu torpağın məhsullarından, yeməklərindən və mədəniyyətindən asılıdır.

Ümumi olaraq qidalanmada hər kəsin diqqət etməli olan məqamları nəzərinizə çatdıraq:

• Yeməklərdən alınan kalori qəbulu gündəlik xərclənən enerji ilə balans təşkil etməlidir. Məsələn, çox yeyib amma az hərəkət etmək piylənməyə, ürək-damar xəstəliklərinə və s. səbəb ola bilər.

• Gündə 400 qram (minimum) meyvə və tərəvəz (kartof və tərkibində nişasta olan tərəvəzlər istisna olmaqla) qəbul etmək lazımdır.

• Yaxşı olar sənaye üsulu ilə istehsal olunan trans yağlar müəyyən qədər doymuş və daha çox doymamış yağlarla (zeytun, avokado, kokos yağı, balıq, çərəzlər, küncüt, balqabaq tumu və s.) əvəz olunsun. Trans yağlara aiddir: marqarin, qənnadı məmulatları, tortlar, peçenyelər, rafinə olunmuş bitki yağları, çipslər, popkorn, kartof fri, burgerlər, souslar, mayonez, ketçup və s.

• Şirniyyatları, un məmulatları, şəkər qatılmış içkiləri, siropları rasiondan çıxarmaq və ya maksimum azaltmaq məsləhətdir.

• Gündəlik duz qəbulu 5 qramdan (üstü dolu olmayan bir çay qaşığı) çox olmamalıdır.

• Spirtli içkilərdən uzaq olun. Alkoqolun sağlamlıq üçün təhlükəsiz qədəri yoxdur.

• Meyvə və tərəvəzləri istifadədən əvvəl axar su altında yaxşıca yuyun. Onları yetişdirərkən vurulan pestisidlər orqanizmə ziyandır. Əgər meyvələrin üzərində yağlı qat hiss olunursa və yuyarkən getmirsə yaxşı olar üzəri soyularaq yeyilsin.

• Göyərtiləri sirkə qatılmış suda bir saat saxlayın, sonra axar su altında yuyaraq istifadə edin. Göyərtilərin üzərində qalan qumdan orqanizmə müxtəlif qurdlar və mədə-bağırsaq sistemini zədələyən helikobakter-pilori bakteriyası keçə bilər.

 Sağlam qidalanmanı alışdığınız gündəlik qidalanmaya necə uyğunlaşdıra bilərsiz?

• Hər gün qidalanmanıza meyvə və tərəvəzlər əlavə edin. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qidalanma üzrə mütəxəssisləri hər gün ən azı beş porsiya meyvə və tərəvəz (təxminən 400 qram) yeməyi tövsiyə edir. Məhz bu miqdarda qəbul edilən meyvə və tərəvəzlərin qeyri-infeksion xəstəliklərin riskini azaltdığını və bədəni kifayət qədər miqdarda liflə təmin etdiyi sübut edilmişdir. Qəlyanaltı kimi yerli və mövsümi meyvə və tərəvəzlərdən istifadə edin. Brokkoli, gül kələmi, kök, kahı, balqabaq, çuğundur, turp, yaşıl tərəvəzlər, göyərtilər mədə-bağırsaq və qaraciyərin sağlamlığı üçün çox faydalıdır.

• Kolbasa, sosiska, hisə verilmiş ət məhsullarını kənd toyuğu, hind quşu, ördək, qaz, mal və qoyun əti ilə əvəz edin.

• Yeməklərinizə qatdığınız duzun miqdarını tədricən azaldın. Duzun azaldılması hər il dünyada 1,7 milyon insan ölümünün qarşısını ala bilər.

• Hazır yeməklər və şəkəri yüksək olan içkilər almayın. Şirin içkilərin tərkibində həddindən çox ziyanlı şəkər var. Qazlı və qazsız sərinləşdirici şəkərli suları, şirələr və energetik içkiləri, aramotizə edilmiş südləri mütləq azaldın və ya tamamilə onlardan imtina edin.

Unutmayın! Sağlam qidalanma müvəqqəti əməl olunmalı proses deyil, həyat tərzidir!

//saglamusaq.az