"Heç bir halda telefondan uzanıqlı vəziyyətdə istifadə etmək olmaz" - Tanınmış həkimdən XƏBƏRDARLIQ
"Kiçik yaşlı uşaqlarda telefondan istifadənin müddətinin az olması məsləhətdir, böyük yaşlara keçdikcə isə bu müddəti uzatmaq olar. Amma burada əsas nüans telefondan uşağın hansı qaydada və formada istifadə etməsidir".
Bu barədə Redaktor.az-a açıqlamasında osteopat həkim dr. Əli Əlizadə mobil telefondan düzgün istifadə qaydalarından danışarkən bildirdi.
"Heç bir halda telefondan, planşetdən, noutbukdan uzanıqlı vəziyyətdə istifadə etmək olmaz. Bu, həm də böyüklər üçün keçərlidir. Çünki uzanıqlı vəziyyətdə göz bir nöqtəyə fiksasiya olur və boyun əzələləri, fəqərələr bir tərəfə doğru hərəkətsiz qalır ki, bu da sonradan ya lardozun düzləşməsinə, ya da lardozun dərinləşməsinə gətirib çıxarır. Telefona, planşetə, kömpüterə, ümumiyyətlə, gözü bir nöqtəyə sabitləyən cihazlara ancaq oturaqlı vəziyyətdə, düz, görmə xəttinə paralel olaraq baxmaq olar. Bu da insanın qədd-qamətinə heç bir halda mənfi təsir göstərmir. Narahatlıq törəndiyi halda fasilə vermək, daha sonra yenidən işə davam etmək uyğundur. Bu, aşağı yaşlarda 20 dəqiqə telefondan istifadə etdikdən sonra 20-30 dəqiqəlik, böyük yaşlarda isə 1 və ya 2 saat fasilə təşkil edə bilər", - deyə həkim qeyd etdi.
Əli Əlizadə qeyd etdi ki, kompüteri görmə xəttində fiksasiya etmək mümkündür, ancaq telefonu əldə tutub görmə xəttində saxlamaq 1-2 dəqiqədən artıq mümkün olmur:
"Buna görə də əsasən uşaqlar üçün ən əlverişlisi müəyyən ştativlərdən istifadə olunmasıdır. Ştativ vasitəsilə telefonu görmə xəttinə optimal şəkildə yerləşdirib uşağın telefonla məhz o qaydada istifadəsinə yol vermək olar. Heç bir halda uşağın həmin fiksasiyadan istifadə edərkən belə divanda, kresloda yaylanıb, boyun qatlanmış formada məcburi bir vəziyyət alaraq, yaxud ayağını ayağının üstünə keçirərək baxmamalıdır. Bu, onurğa xəstəliklərinə gətirib çıxaran amillərdir".
Həkim əlavə etdi ki, əlində tutaraq telefon və digər mobil cihazlardan istifadə isə 1 dəqiqəni keçməməlidir:
"Çünki bu vəziyyətdə telefon aşağıda qalır və baş ona baxmaq üçün önə doğru əyilmiş olur. Təxminən yetkinlik yaşına çatmış insanlarda başın çəkisi 5-6 kq olur. 90 dərəcə önə əyilmiş başın boyun əzələlərinə verdiyi yükün miqdarı isə təxminən 20-22 kq-a çatır. Boyun əzələləri isə o qədər yükü götürmək iqtidarında deyil. Ona görə də elektron cihazlardan düzgün istifadə olunmalıdır ki, nə uşaqlara, nə də böyüklərə heç bir fəsad törətməsin".
Sevinc İBRAHİMZADƏ