Tozlu hava sağlamlıq üçün ciddi problemlər yarada bilər - AÇIQLAMA
"Tozlu hava insan sağlamlığı üçün problemlər yarada bilər. Belə havada insanlar özlərini qorumalı, mümkün qədər az hava udmalıdırlar".
Bu sözləri Redaktor.az-a açıqlamasında AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev hazırda Bakı və Abşeron yarımadasında müşahidə edilən tozlu havanı şərh edərkən dedi.
"Tozlu havanın ziyanından danışsaq, insanın nəfəs orqanlarına olduqca ciddi ziyan vurur. Nəzərə alsaq ki, bir çox insanın çölə çıxmaq kimi məcburiyyəti var, istər-istəməz havanı udmalıyıq. Onlar da ağciyərə, bronxlara ciddi ziyan vururlar. Bu, yaşlı, uşaq, hamilə qadınlar üçün daha çox qorxuludur. Bundan başqa bu, gözdə qıcıqlanma, qaşınma kimi reaksiyalara səbəb ola bilər".
Ənvər Əliyev bildirdi ki, tozlu havanın yaranmasına səbəb kiçik tozlardır:
"Bu tozun mənbəyi məlumdur. Azərbaycan ərazisinə daxil olan bir neçə hava kütləsi Şimali Afrika, Ərəbistan səhraları - buna Ərəbistan yaylası da deyirlər, - bir də Şərq tərəfdən, Orta Asiyadan gələn səhraların tufanı zamanı yaranır. Yerdə olan xırda tozlar bu hava axını ilə birgə yuxarı qalxır və külək istiqamətində hərəkət edir. Tozcuqlar mikronla ölçülür və onlar havada sərbəst üzürlər. Belə olduğu halda onlar uzun müddət havada qalır və müşahidə olunur. Fırtına bizim ərazimizə cənub-şərqdən daxil olur".
Türkan İSGƏNDƏRLİ