Yarasaların sayının azalması uşaq ölümlərini artırır - ARAŞDIRMA

 09:43 10.09.2024     374

ABŞ-da yarasa populyasiyasının azalmasının uşaq ölümlərini artırdığı müəyyən edilib. Yeni araşdırma ekosistemin deqradasiyasının insan sağlamlığına dolayı təsirini göstərən yeni tapıntılardan biridir.

Redaktor.az xəbər verir ki, yarasalar çoxları tərəfindən qaçınılması lazım olan qorxulu canlılar kimi görünsə də, ekosistemlərin tarazlığının qorunmasında böyük əhəmiyyətə malikdir. Xüsusilə, hər gecə minlərlə həşərat yeyərək əkinçilik ərazilərində həşərat əleyhinə vasitələrin istifadəsini xeyli azaldırlar.

Bununla belə, ABŞ-da yarasa populyasiyası son 20 ildə ciddi təhlükə altındadır. 2006-cı ildə Avropa və ya Asiyadan Şimali Amerikaya köçdüyü güman edilən "Pseudogymnoascus destructans" göbələyinin yaratdığı ağ burun sindromu yarasaların populyasiyasını ciddi şəkildə azaldır. İnsanlara heç bir təsiri olmayan bu göbələk yarasaları öldürə bilir və yoluxduğu bütün koloniyaları məhv edəcək qədər güclüdür. Hazırda bu xəstəlik ABŞ-ın 40 ştatında və Kanadanın 9 əyalətində müşahidə olunur.

Çikaqo Universitetinin ətraf mühit üzrə mütəxəssisi Dr. Eyal Frank təəccüblü bir tapıntı etdi və yarasa populyasiyasının azalmasının körpə ölümü ilə əlaqəli olduğunu ortaya qoydu. "Science" jurnalında dərc edilən araşdırmaya görə, 2006-2017-ci illər arasında yarasa populyasiyasının azaldığı bölgələrdə pestisidlərdən istifadə 31 faiz artıb.

Pestisidlərin hava və su ilə qarışaraq insan sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirən Frank, bu maddələrin çox istifadə edildiyi bölgələrdə uşaq ölümlərini araşdırıb. Tədqiqat göstərib ki, ağ burun sindromunun yarasa populyasiyasını azaltdığı bölgələrdə körpə ölümləri 8 faiz artıb.

Dr. Frank hesab edir ki, 2006-2017-ci illər arasında 1334 körpə bu səbəbdən ölüb.

Seymur BƏNNAYEV