"Dərs yükünün çoxluğu uşaqlarda ciddi yorğunluq yaradır" - Pediatr

 15:33 19.09.2024     319

Şagirdlər günlərinin böyük bir hissəsini məktəbdə parta arxasında oturaraq keçirilər. Hətta bəzən onlar dərsdən sonra müxtəlif məşğələlərə də cəlb olunurlar. Bu cür uşaqlar erkən vaxtlardan xeyli yüklənirlər, lakin bu yüklənmənin fəsadları gələcəkdə özünü daha çox bəlli edir. 

Bəs uşaqlarımızın sağlamlıqlarını dərslərin ağırlığı fonunda necə qoruya bilərik?

Bu barədə həkim-pediatr Xatirə Abdulxalıqova Redaktor.az-a açıqlamasında bildirdi ki, hər bir uşaq həm fiziki, həm də zehni-əqli cəhətdən məktəbə hazır olmalıdır:

"Məktəbə getməmişdən qabaq uşaqları ümumi tibbi müayinədən keçirmək lazımdır. Belə ki, onlarda zehni qabiliyyəti normallaşdıran vitaminlər - D vitamini, kalsium normal olmalıdır. Uşaqlar uzun müddət parta arxasında oturduqda, ağır çantaları daşıdıqda onlarda kalsium, vitamin D çatışmazlığı yaranarsa, onurğalarında müxtəlif əyilmələr meydana gəlir. Onurğadakı əyilmələr isə gələcəkdə bir çox xəstəliyin yaranmasına gətirib çıxarır. Eyni zamanda uşaqlar məktəbə psixoloji cəhətdən də hazır olmalıdırlar. İlk dəfə dərsə gedən uşaqlarda məktəbə adaptasiya gec formalaşır. Bunun üçün də vaxtında uşaqları məktəbə hazırlamaq lazımdır. Uşaqlar hər gün dərsə tamamilə sağlam formada getməlidirlər, qidalanmaları, istirahətləri bir-birilə uyğunlaşmalıdır".

Pediatr qeyd etdi ki, artıq dərs yüklərinin, əlavə məşğələlərin olması uşaqlarda çox ciddi yorğunluq yaradır.

"Bu isə onların sinir sistemi tərəfindən oyanıqlıq, əsəbilik, gərginlik kimi əlamətlərin yaranmasına səbəb olur. Həmin problemləri aradan qaldırmaq üçün həmin məşğələlərin müddəti uşağın yaşına və onun istirahətinə uyğun şəkildə tənzimlənməlidir. Digər tərəfdən payız-qış ayları gəlir ki, belə vaxtlarda xəstəliklər artır. Kollektiv arasında olan uşağın immun sistemini artırmaq lazımdır, xroniki xəstəlikləri varsa, profilaktikası vacibdir", - deyə Xatirə Abdulxalıqova bildirdi.

Sevinc İBRAHİMZADƏ