Sertifikatla psixoloqluq edənlər - "Onlar manipulyasiya ilə insanlara... " - AÇIQLAMA

 15:35 24.09.2024     446

Azərbaycanda hər gün yeni bir psixoloq adı eşitmək adi haldır və bu sahədə hələ yeni olmasına baxmayaraq artıq kifayət qədər izləyici kütləsi var. Bəli, izləyici kütləsi. Çünki artıq psixoloqlar sosial mediadan fəaliyyətə başlayır, orada məşhurlaşıb dəyərləndikdən sonra hər hansısa mərkəzdə psixoloji xidmət göstərməyə başlayırlar. Günümüzdə sosial şəbəkələrin vasitəsilə ilə hər yerindən duran psixoloq ola bilər. Bəzi psixoloqlar üçün bu ixtisas ən yaxşı halda bir neçə kursda iştirak edib serifikat almaq və özünüreklamla yekunlaşır. 

Bəs bir neçə sertifikatla psixoloq kimi işləmək nə qədər düzgündür?

Bakı Dövlət Universiteti, Xəzər və Qərb universitetlərinin müəllimi, klinik psixoloq Ramin Allahverdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, hal-hazırda Azərbaycanda vətəndaşlar psixoloji xidmət sahəsində ciddi şəkildə mütəxəssis seçimi baxımından çətinlik çətirlər. Onun sözlərinə görə, say baxımından çoxluq təşkil edən psixoloji mərkəzlər mövcuddur:

"Bu psixoloji mərkəzlərin fəaliyyəti, göstərdikləri xidmətin keyfiyyəti, orada əmək fəaliyyəti ilə məşğul olan psixoloqların hüquqi baxımdan xidmət icazəsinin olub-olmaması müəyyən bir formada şübhələr yaradır və ciddi şəkildə müzakirə məsələsidir. Biz bu prosesdə xidmət göstərən prizmasından yanaşsaq, 3 əsas anlayışı həmişə diqqət mərkəzində saxlayırıq: psixoloq, psixiatr, psixoterapevt. Əlbəttə, psixoloq qeyri-tibbi təhsili olan, akademik olaraq bakalavr təhsilinə malik, psixoloq ixtisasına uyğun görülən şəxsdir. Bir psixoloqun bu sahədə fəaliyyət göstərməsi üçün mütləq 4 illik bakalavr səviyyəsində təhsili olmalıdır.

Psixiatr tibbi təhsili olan, müəyyən psixiatrik və irəliləmiş psixoloji problemlərdə ehtiyac duyulduğu zaman medikamentoz müdaxilə icazəsi olan şəxsdir. Psixoterapevt isə, adından da göründüyü kimi, müəyyən psixoloji problemlərin həlli üçün tələb olunan texnikalardan, metodeikalardan istifadə etmək imkanı mövcud olan şəxsdir".

Mütəxəssis vurğuladı ki, psixoterapiya üçün hər hansısa universitet təhsil vermir:

"Həm psixoloq, həm də psixiatr hər ikisi psixoterapevt kimi fəaliyyət göstərə bilər, bir şərtlə ki, həmin psixoterapiya modelini akkreditasiyadan keçmiş şəxsdən təlim formasında alıb superviziyalarda əməl edir. Buradan da belə bir nəticə çıxarmaq olar ki, bir psixoloqun hansısa mərkəzdə vətəndaşa xidmət etməsi üçün mütləq 4 illik bakalavr təhsili vacibdir. Əgər psixoterapevt kimi fəaliyyət göstərirsə, akkreditasiyadan keçmiş təlimçidən psixoterapiya ilə bağlı təlimlər almalıdır. Bu təlimlər çox çətin və uzunmüddətli prosesdir, ciddi şəkildə əmək sərfiyyatına səbəb olur".

Ramin Allahverdiyev qeyd etdi ki, bir-iki aylıq kurs keçib, sertifikat alıb psixoloq kimi fəaliyyət göstərənlərin qanuni tərəfdən heç bir icazəsi yoxdur və cinayi davranış kimi dəyərləndirilə bilər:

"Çünki onların psixologiyanın baza təhsili ilə bağlı heç bir məlumatları yoxdur, insan psixologiyasını bilmirlər. Sadəcə olaraq məsləhətlər və tövsiyyələr verməklə, heç bir professional terapiya öyrənmədən manipulyativ təsirlə ciddi şəkildə problem yaradacaq marketinq psixologiyasını həyata keçirirlər".

Bəs psixoloqların fəaliyyətinə Səhiyyə Nazirliyi tərəfindən nəzarət var?

Bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, psixoloji yardım özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərə aid olmadığından bu müəssisələrə nəzarət Analitik Ekspertiza Mərkəzinin səlahiyyət çərçivəsinə daxil deyil.

Sevinc İBRAHİMZADƏ